Polşa Rusiyanın “Qazprom” enerji şirkətinin Yamal-Avropa qaz kəmərindəki səhmlərinə müvəqqəti həbs qərarı verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qərar Polşanın İnkişaf və Texnologiya naziri Valdemar Buda tərəfindən qəbul edilib.
Nazirliyin bəyanatında, "Polşa hökuməti müvəqqəti olaraq "Qazprom"un Yamal-Avropa qaz kəmərindəki payını öz üzərinə götürüb" - deyilir.
Sözügedən addımın Polşanın infrastrukturunun təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək, bunun həm də Rusiyanın Ukraynaya qarşı təcavüzünə cavab olduğu qeyd edilib:
“Polşa Rusiya təcavüzünün nəticələrinə qarşı çıxmaq və eyni zamanda Rusiya kapitalını və Rusiya təsirlərini aradan qaldırmaq üçün hər şeyi edir. Polşa konstitusiyasına görə özgəninkiləşdirmə mümkün deyil, ona görə də biz Daxili İşlər Nazirliyi və İdarəetmə Nazirliyi ilə birlikdə müvəqqəti qəyyum verdik”.
Polşada Rusiya qazını Avropaya daşıyan Yamal-Avropa boru kəmərinin sahibi olan “EuRoPol Qaz”ın səhmlərinin 48%-i Rusiyanın “Qazprom” enerji şirkətinə, 48%-i Polşanın “PGNiG” dövlət müəssisəsinə, 4%-i isə Polşa neft şirkəti PKN Orlen şirkətinə məxsusdur.