Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın Bali adasında keçirilən G20 Liderlər Sammitindən sonra jurnalistlərə açıqlama verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Lavrov Rusiyanın G20-dəki mövqeyi, Qərb ölkələrinin Rusiyaya qarşı siyasətləri, Ukrayna böhranı, noyabrın 19-da başa çatacaq taxıl müqaviləsi və onun uzadılması üçün danışıqların hələ də davam etdiyi barədə danışıb.
O, Ukrayna taxılının Qara dəniz vasitəsilə dünyaya açılması ilə yanaşı, Rusiya taxılının və gübrəsinin də eyni müqavilə çərçivəsində dünyaya satılmasının ölkəsinə tətbiq etdiyi məhdudiyyətlər səbəbilə qeyri-mümkün hala gəldiyini və bu problemi həll etmək üçün BMT tərəfi ilə danışıqlar apardıqlarını bildirib.
İstanbulda imzalanan sazişin yenilənməsinin Moskvanı qane edəcək şəkildə mövcud problemlərin həllindən asılı olduğunu deyən Lavrov, məsələ ilə bağlı G20 sammitində BMT-nin baş katibi Antonio Quterreşlə ikitərəfli görüş keçirdiyini deyib:
“Bugünkü iclasda BMT-nin baş katibi Antonio Quterreş ABŞ və Aİ-nin ona verdiyi vədləri yazılı şəkildə izah edib. Bunlar həyata keçirilsə, gübrəmizin, taxılımızın ixracına maneələr aradan qalxacaq. Ancaq hər şey kağızlardan deyil, praktikada necə tətbiq olunacağından asılıdır. Ümid edirəm ki, bu vədlər yerinə yetiriləcək. Ən azı BMT-nin baş katibi əmin etdi ki, bu öhdəliklərin yerinə yetirilməsi onun prioritetidir”.
O, həmçinin Quterreşin Ukrayna böhranında obyektiv mövqe tutmalı olduğunu bildirib.