İsveçin baş naziri Ulf Kristerssonun müşaviri Piter Maqnus Nilsson baş nazirlikdəki məsləhətçi vəzifəsini tərk etdiyini açıqlayıb. O, yanvarın 18-də keçirilən əməliyyat zamanı yaxalanıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Piter Maqnus Nilsson qeyri-qanuni olaraq ilan balığı ovladığı üzə çıxdıqdan sonra istefa verib.
Baş nazir Ulf Kristerssona təşəkkür edən Nilsson, "Birlikdə işləməkdən həzz aldığım gözəl bir komandamız var idi. Qısa müddətdə çox şey öyrəndim" - deyib.
Ölkədə "PM Nilsson" kimi tanınan Nilsson 20 oktyabr 2022-ci ildə Baş nazir Ulf Kristerssonun müşaviri təyin edilmişdi.
Nilsson İsveç Dəniz və Su Təsərrüfatı Agentliyinin qeyri-qanuni balıq ovu ilə bağlı təşkil etdiyi əməliyyatda yaxalanıb və hadisə yanvarın 18-də mətbuatda dərc olunub. Ana müxalifətdə olan Sosial Demokrat Partiyası Nilssonun istefasını tələb edib.
İsveçdə nəsli kəsilməkdə olan ilan balığının ovlanması lisenziyalı balıqçılar istisna olmaqla, 2007-ci ildən qadağan edilib.
Manşet.az