Fransa prezidenti Emmanuel Makron və İsrailin baş naziri Benyamin Netanyahunun İrana qarşı birgə hərəkət etmək qərarına gəldiyi bildirilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Makron rəsmi təmaslar üçün Fransanın paytaxtı Parisə gələn Netanyahunu dünən Yelisey sarayında qəbul edib.
Yelisey Sarayından bildirilib ki, Makron və Netanyahu dünən axşam birlikdə nahar edib və başda İran və Fələstin olmaqla bir çox regional məsələləri müzakirə ediblər.
Makron və Netanyahu İranın nüvə problemindən də danışıblar.
Fransa prezidenti İranın nüvə proqramında şəffaf olması lazım olduğuna işarə edərək, əks halda nəticələrin qaçılmaz olacağı ilə bağlı xəbərdarlıq edib. Makron və Netanyahu İranın regionda sabitliyi pozan fəaliyyətləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Onlar İrana qarşı birgə işləməyə qərar verərək, ölkələri arasında strateji tərəfdaşlığı dərinləşdirmək və bütün sahələrdə ikitərəfli əlaqələri gücləndirmək istəklərini bəyan ediblər.
Makron xatırladıb ki, İranın Rusiyanın Ukraynadakı təcavüzünü dəstəkləməsi İranı sanksiyalara məruz qoyacaq.
Manşet.az