Ukrayna prezidenti Volodimir Zelenski Londona gözlənilməz səfəri çərçivəsində Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə iki ölkə arasında əməkdaşlığı gücləndirmək məqsədi daşıyan “London Bəyannaməsi”ni imzalayıb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Bəyannamədə Rusiyanın 2014 və 2022-ci illərdə Ukraynaya hücumları üçün "Onlar Avropanın təhlükəsizliyinə və insanların öz müqəddəratını təyinetmə hüququna hücum edirlər. Azadlığımızı təhdid edirlər" - ifadələrdən istifadə edilib.
Rusiya qarşısında İngiltərə və Ukraynanın həmrəy olduqları vurğulanan bəyannamədə Böyük Britaniyanın Ukraynanın müstəqilliyini, ərazi bütövlüyünü və sərhədlərini dəyişməz şəkildə dəstəkləməyə davam edəcəyi bildirilib.
Həmçinin Ukraynanın NATO-ya üzvlüyü də daxil olmaqla öz təhlükəsizliyini təmin etmək cəhdinin dəstəklənəcəyi vurğulanıb və aşağıdakılar qeyd edilib:
"Ukrayna Silahlı Qüvvələri təkcə öz ərazisini deyil, həm də bizim ümumi dəyərlərimizi və beynəlxalq hüququn əsas prinsiplərini təşkil edən BMT Nizamnaməsini qoruyur. Ölkələrimiz Rusiyanın "təsir dairəsi" iddiasını və sərhədləri güc yolu ilə dəyişdirmək addımlarını rədd edir. Biz suverenlik və öz müqəddəratını təyinetmə dəyərlərini müdafiə edirik. Rusiyanın törətdiyi vəhşiliklərin bir daha təkrarlanmamasını təmin etmək əzmini bölüşürük”.
Manşet.az