Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin YUNESKO-da sözçülük və müddətli sədrliyi Türkiyədən Azərbaycana keçib.
Manset.az-ın Anadolu Agentliyinə istinadən məlumatına görə, Azərbaycanın paytaxtı Bakıda TÜRKSOY-a üzv ölkələrin YUNESKO Milli Komissiyalarının IX iclası keçirilib. ADA Universitetinin ev sahibliyi etdiyi iclasda Azərbaycanın mədəniyyət nazirinin müavini Adil Kərimli, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, TÜRKSOY-un baş katibinin müavini Bilal Çakıcı və YUNESKO-nun Türkiyə Milli Komissiyasının sədri Öcal Oğuz, TÜRKSOY-a üzv olan digər ölkələrin YUNESKO-nun milli komissiyalarının rəhbərləri iştirak ediblər.
İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da videokonfrans vasitəsilə iştirak edib.
Ceyhun Bayramov Ermənistanın işğalı zamanı Qarabağda və onun ətraf vilayətlərində Azərbaycanın tarixi-mədəni irsinə qarşı həyata keçirilən dağıntılardan danışıb.
TÜRKSOY-a üzv ölkələrin YUNESKO-nun Milli Komissiyalarının birgə fəaliyyətinin əhəmiyyətini vurğulayan Bayramov dekabrın 15-nin Beynəlxalq Türk Dili Günü kimi qeyd olunması təklifini YUNESKO tərəfindən dəstəklədiklərini bildirib.
O, "Ortaq dilimizin və mədəniyyətimizin gələcək nəsillərə çatdırılması baxımından bu təşəbbüs böyük əhəmiyyət kəsb edir. İnanırıq ki, YUNESKO-nun 42-ci Baş Konfransında dekabrın 15-i Beynəlxalq Türk Dili Günü kimi tanınacaq" – deyib.
Manşet.az