İsrailin baş naziri Benyamin Netanyahu, işğal altındakı Şərqi Qüdsdəki Məscidül-Əqsaya fanatik yəhudilərin basqınlarını Ramazan ayının sonuna qədər dayandırmaq qərarı verib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Baş nazirlikdən verilən açıqlamada Netanyahunun müdafiə naziri Yoav Gallant, milli təhlükəsizlik naziri və təhlükəsizlik bölmələrinin rəhbərləri ilə vəziyyəti hərtərəfli dəyərləndirdiyi qeyd edilib.
Açıqlamada vəziyyətin qiymətləndirilməsində İordan çayının qərb sahili, Qüds və Məscidül-Əqsa da daxil olmaqla İsraildəki təhlükəsizlik vəziyyətinin müzakirə edildiyi bildirilib. Netanyahu və nazirlər, sabah Pasxa bayramının başa çatması ilə əlaqədar Əl-Əqsa məscidinə bitişik Ağlama Divarına gedən yəhudiləri qorumaq və oraya gedən yolların təhlükəsizliyini təmin etmək üçün bütün lazımi əməliyyat qüvvələrinin səfərbər edilməsi əmrini verib.
Müdafiə naziri Gallant, Baş Qərargah rəisi Herzi Halevi, Daxili Kəşfiyyat Təşkilatının rəhbəri Şin-Bet (Şabak) Ronen Bar və polis rəisi Yaakov Şabtainin məsləhəti ilə Baş nazir Netanyahu “Yəhudi ziyarətçi və turistlərin” Ramazan ayının sonuna qədər Məscidül-Əqsaya girişinin qarşısını almağa qərar verdiyi bildirilib.
Manşet.az