Rusiyada elektron mesajla hərbi çağırış haqqında qanun Vladimir Putin tərəfindən imzalanaraq qüvvəyə minib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, yeni qanuna əsasən, Rusiyada 18-50 yaş arası kişilər “gosuslugu” adlanan “elektron hökumət”ə bənzər sistem vasitəsilə istənilən vaxt “Hərbi Xidmətə gəlin. Siz “Hərbi xidmətə çağırılırsınız” - mesajı ala bilərlər. Təxminən 35 milyon Rusiya vətəndaşını əhatə edən yeni hərbi qanuna əməl etməyənlər bir sıra hüquqlardan, xüsusən də ölkədən çıxışdan məhrum olacaqlar.
Çağırış vərəqəsi göndərilən şəxsin “görməmişəm, internetdən istifadə etmirəm” deməyə haqqı yoxdur. Çağırış vərəqəsinin göndərildiyi gündən 7 gün ərzində hərbi xidmətə təslim olmayanların Rusiyanı tərk etmələri qadağan ediləcək. Onun yeni işə başlaması, daşınmaz əmlak alqı-satqısı, banklardan kredit götürməsi və avtomobil sürməsi də qadağandır.
Yeni qanun Rusiyada ötən il elan edilmiş qismən səfərbərliyin nəticələri haqqındadır. Səfərbərlikdə böyük fasilələr yaranmışdı, çünki köhnə qaydaya görə hərbi bölmələr hər kəsə şəxsən yazılı çağırış göndərməli idi. Çağırış vərəqəsini almadıqlarını deyən on minlərlə gənc ölkədən qaçmışdı.
Manşet.az