2020-ci ildə İranda Ukraynaya məxsus sərnişin təyyarəsinin Tehran səmasında raketlərlə “təsadüfən” vurulması işi üzrə müxtəlif rütbəli 10 əsgər həbs edilib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Tehranın hərbi məhkəməsi təxminən üç il davam edən mühakimədən sonra Ukrayna təyyarəsinin qəzaya uğraması işi üzrə müttəhimlər haqqında hökmünü elan edib.
Təyyarəni vuran raketləri atan Tor-M1 hava hücumundan müdafiə sisteminin komandiri olan, işin birinci dərəcəli müttəhimlərindən biri, adı açıqlanmayan komandir 13 il həbsə məhkum edilib.
İş üzrə ikinci və üçüncü dərəcəli müttəhim qismində mühakimə olunan müxtəlif rütbəli digər 9 hərbçi də 1 ildən 3 ilə qədər həbs cəzasına məhkum edilib.
Bildirilib ki, məhkəmə qərarından apellyasiya şikayəti vermək yolu açıqdır.
Manşet.az