Venesuela prezidenti Nikolas Maduro Qəzzada mülki əhalinin yaşadığı binaların fərq qoyulmadan bombalandığını bildirərək İsraili Fələstin xalqına qarşı “soyqırım” törətməkdə ittiham edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, prezident Maduro bu barədə qatıldığı proqramda çıxışı zamanı İsrailin daha əvvəl də dəfələrlə Qəzzada "qırğınlar" törətdiyini bildirib:
"Qəzzada dinc əhalinin yaşadığı binalar ayrı-seçkilik etmədən vurulur, hər yer bombalanır, qadınlar və uşaqlar hər gün ölür. Dünyadakı bütün müsəlman qardaşlarıma, xristianlara və yəhudilərə səslənirəm. Təcili olaraq atəşkəs üçün BMT-yə çağırış edək”.
Maduro sülh danışıqlarının mümkün qədər tez başlamalı olduğunu və BMT qətnamələrinə hörmətlə yanaşan müstəqil və suveren Fələstin Dövlətinin qurulmasının vacibliyini bildirib.
Həmçinin, Maduro Fələstin xalqının illərdir hər cür zorakılığa və ayrı-seçkiliyə məruz qaldığını xatırladıb:
“İllərdir zülm, blokada və ədalətsizlik davam edir. Xəritəyə baxsanız, illər ərzində Fələstinin torpaqlarının necə əlindən alındığını anlayacaqsınız. Fələstin torpaqları iki hissəyə böldülər. Beynəlxalq media bunu görmək istəmir. BMT 1967-ci ildə onun həyata keçirilməsi üçün məcburi qətnamə qəbul etdi. Qərara görə, İsrail və Fələstin dövləti üçün çəkilən sərhədlərə hörmətlə yanaşılacaq. Eyni zamanda Şərqi Qüds Fələstinin paytaxtı olmalı idi, lakin İsraildə hakimiyyətə gələn bütün hökumətlər bu qərarı davamlı olaraq çeynədi”.
Əfsanə
Manşet.az