Etimadnaməsini Ərdoğana təqdim edən səfir Türkiyəni tələsik tərk etdi

12:31 - 20 Oktyabr 2023

Etimadnaməsini Ərdoğana təqdim edən səfir Türkiyəni tələsik tərk etdi

İsrailin Ankaradakı səfiri İrit Lillian digər diplomatlar ilə birlikdə Türkiyəni tərk edib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, buna səbəb İsrailin təhlükəsizlik səbəbi ilə Türkiyə də daxil olmaqla region ölkələrindən diplomatlarını geri çəkməyə qərar verməsi olub.

İsrailin Ankaradakı səfiri İrit Lillian 27 dekabr 2022-ci il tarixində prezident Ərdoğana etimadnaməsini təqdim etmişdi.

İsrail səfirliyi hələlik məsələ ilə bağlı açıqlama verməyib.

Xatırladaq ki, İsrailin Milli Təhlükəsizlik Şurası həftənin əvvəlində Qəzzadakı qarşıdurmalar səbəbiylə qəzəbli insanların israilliləri hədəfə ala biləcəyindən narahatlığını əsas gətirərək Türkiyəyə səfər etməmək barədə xəbərdarlıq etmişdi.

Şura, həmçinin, Türkiyədəki İsrail vətəndaşlarını mümkün qədər tez ölkəni tərk etməyə çağırıb. Xəbərdarlıqdan sonra İsrail aviaşirkətləri Türkiyəni tərk etmək istəyən israillilər üçün çərşənbə günü axşam saatlarında İstanbuldan uçuşlar təşkil edib.

Qeyd edək ki, Qəzzada yüzlərlə fələstinlinin ölümü ilə nəticələnən Əl-Əhli əl-Ərəbi xəstəxanasında baş verən partlayışdan sonra Türkiyədə İsrail əleyhinə nümayişlər keçirilib və üç günlük milli matəm elan edilib.

Əfsanə

Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az