Əl-Hədas: İsrail və HƏMAS qadın və uşaq mübadiləsi barədə razılığa gəliblər
İsrail və HƏMAS hərəkatının rəhbərliyi qadın və uşaqların mübadiləsi barədə razılığa gəliblər.
Manset.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının "Əl-Hadas" telekanalı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Kanal İsrailin neçə nəfəri azad etmək qərarına gəldiyini açıqlamasa da, HƏMAS-ın oktyabrın 7-dən bəri girovluqda olan 100 qadın və uşağın mübadiləsinə razı olduğu bildirilir.
Girovların dəyişdirilmə tarixi məlum deyil. Kanalın məlumatına görə, Qətərin vasitəçiliyi ilə məhbusların mübadiləsi barədə razılığa gəlmək mümkün olub, detalların müzakirəsi bir neçə gün davam edib.
İsrail tərəfinin məlumatına görə, HƏMAS 240-dan çox insanı girov saxlayır. Oktyabrın 20-də iki amerikalının, oktyabrın 23-də isə iki israillinin azad edilməsi barədə məlumat yayılıb. HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin sözlərinə görə, İsrail həbsxanalarında 6 mindən çox fələstinli var.