Bakının Nizami rayonu, Məhsəti Gəncəvi küçəsində yerləşən yaşayış binasında yanğın baş verib.
Manset.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə yanğın barədə məlumat daxil olub və dərhal əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində 17 mərtəbəli yaşayış binasının 17-ci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 55 m² olan ikiotaqlı mənzilin eyvanının yanar konstruksiyaları və əşyaları 15 kvadratmetr sahədə yanıb.
Mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.