Gəncə şəhərində kanalizasiya quyusu yaxınlığında qaynaq işi görülərkən baş verən partlayış zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə Gəncə Şəhər Birləşmiş Xəstəxanasından bildirilib.
Qeyd olunub ki, bu gün saat 17:00 radələrində baş verən partlayış zamanı iki nəfər (kişi) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif yanıq xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri davam etdirilir, bir nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir.
***
17:35
Gəncədə kanalizasiya xəttinin təmiri zamanı partlayış olub.
Manset.az APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində kanalizasiya quyusunun üzərində qaynaq işləri aparılan zaman qaynaq qığılcımları kanalizasiya borusuna düşüb və partlayış baş verib. Nəticədə 1984-cü il təvəllüdlü A.Zamanov, 1968-cı il təvəllüdlü Ə.Paşayev və daha bir nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə müvafiq qurumların əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.