İyunun 5-də Azov dənizində dron hücumları nəticəsində "Natra" və "Zirkon" yük gəmilərində həlak olmuş və yaralanmış Azərbaycan Respublikası vətəndaşlarının sayı və kimlikləri dəqiqləşdirilib.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Yenilənmiş məlumata görə, ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşından 4 nəfər yaralanıb, 4 nəfərin isə həlak olduğu bildirilir. İlkin olaraq vəfat etdiyi elan olunmuş digər bir şəxsin isə Azərbaycan vətəndaşı və Azərbaycan əsilli deyil, Rusiya vətəndaşı olduğu müəyyənləşib.
Həlak olmuş vətəndaşlarımız 1976-cı il təvəllüdlü Rəcəb Əhədov və 1997-ci il təvəllüdlü Məhəmməd Əliyevin cəsədləri aşkarlanıb və cənazələrin ölkəmizə göndərilməsi istiqamətində tədbirlər görülür. Qeyd edilib ki, həlak olduğu bildirilən digər iki Azərbaycan vətəndaşının heyətində olduğu "Zirkon" gəmisi partlayış təhlükəsi olduğuna görə vurulduğu yerdə saxlanılıb. Rusiyanın xilasedici qrupları tərəfindən gəminin limana gətirilməsi üçün təhlükəsizlik tədbirləri görülür. Yalnız axtarış tədbirləri yekunlaşandan sonra iki vətəndaşın aqibəti barədə dəqiq məlumatın verilməsi mümkündür.
Bildirilib ki, Yeysk şəhər xəstəxanasına yerləşdirilmiş yaralılar 1998-ci il təvəllüdlü Samid İbadzadə və Rəşad Mədətxanov artıq xəstəxanadan çıxarılıb. 2002-ci il təvəllüdlü Emin Valehov və 1999-cu il təvəllüdlü Namiq Cəfərlinin də vəziyyətləri yaxşıdır və onlar müalicələrini tamamladıqdan sonra xəstəxanadan buraxılacaqlar.
"Rusiyadakı səfirliyimizin əməkdaşları ərazidədir və vətəndaşlarımıza zəruri dəstəyin göstərilməsi istiqamətində tədbirlər görülür. Bütün vətəndaşlarımız Yeysk şəhərində mehmanxanada yerləşdirilib və ailələri ilə təmasdadırlar. Vətənə qayıtmaq niyyətində olan və sənədləri itmiş vətəndaşlarımız müvafiq qayıdış şəhadətnamələri ilə təmin olunublar", - məlumatda vurğulanıb.
Qeyd edək ki, daha əvvəl hadisə nəticəsində beş Azərbaycan vətəndaşının öldüyü, üçünün yaralandığı açıqlanmışdı.
16:40
İyunun 5-də Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.
Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədirlər və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.
"Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.
Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunmaları və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.
XİN məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.
Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək", - deyə məlumatda bildirilib.