Türkiyə Superliqasının nəhəngi "Fənərbaxça" yay transfer pəncərəsində böyük səs-küy yaradacaq keçidə hazırlaşır.
Manset.az-ın məlumatına görə, klubun prezidenti Ali Koçun İngiltərə millisinin və "Mançester Yunayted"in hücumçusu Ceydon Sançonun transferini gündəmə gətirdiyi iddia olunur.
Ali Koçun ötən gün canlı yayımda verdiyi açıqlamada komandaya yeni mövsümdə dinamizm qatacaq ulduz futbolçuların transfer ediləcəyini bildirməsi iddiaları daha da gücləndirib. Xarici mətbuatda yayılan xəbərlərə görə, Koçun xüsusi olaraq komandanın sürətlənəcəyini vurğulaması transfer komitəsini hərəkətə keçirib və dünyaca məşhur futbolçu Ceydon Sanço "Fənərbaxça"nın transfer radarına düşüb.
25 yaşlı cinah oyunçusu bu mövsümü icarə əsasında İngiltərənin digər nəhəngi "Çelsi"də keçirib. Onun transfer hüquqları isə hələ də "Mançester Yunayted"ə məxsusdur. İngiltərə təmsilçisi Sançonu 2021-ci ildə Dortmund "Borussiya"sından 85 milyon avroya transfer etmişdi.
Cari mövsümdə ümumilikdə 40 oyunda forma geyinən və 2335 dəqiqə meydanda olan Sanço 4 qol vurub, 10 məhsuldar ötürmə ilə yadda qalıb.
"Fənərbaxça" rəhbərliyinin bu transfer üçün ciddi addımlar atdığı və yaxın günlərdə danışıqların başlaya biləcəyi bildirilir.