"Qalatasaray"da transfer həyəcanı davam edir. Sarı-qırmızılıların növbəti hədəfi Alvaro Moratanın gedişi ola bilər.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, İspaniyalı hücumçunun taleyi Viktor Osimhenin qayıdışından asılıdır.
İstanbul təmsilçisi transfer pəncərəsinə Leroy Sane ilə sürətli start verib. İndi isə əsas hədəf – keçən mövsüm komandada icarə əsasında çıxış edən Viktor Osimheni geri qaytarmaqdır.
İddialara görə, "Qalatasaray" nigeriyalı ulduz üçün "Napoli"yə tam 75 milyon avro təklif edib! Bu, klub tarixinin ən bahalı transferi ola bilər.
Komandadan ayrılan futbolçular da diqqət çəkir. Halil Dərvişoğlu "Rizəspor"a icarəyə verilib, Taylan Antalyalı ilə isə yollar ayrılıb.
İspan forvard Alvaro Moratanın isə gələcəyi hələ də sual altındadır.
Məşhur transfer eksperti Fabrizio Romano yazır ki, Morata İtaliyanın "Komо" klubuna keçməyə yaxındır. Lakin bu keçid yalnız bir şərtlə baş tutacaq: Osimhen yenidən "Qalatasaray" formasını geyinərsə.
Sarı-qırmızılı rəhbərlik Moratanın icarə müqaviləsini pozmağa hazırdır. Amma bunun üçün Osimhenin transferi rəsmi təsdiqini tapmalıdır.
Beləliklə, Moratanın taleyi Osimhenin əlindədir.