Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala yüksəlib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, 51 kq çəki dərəcəsində çıxış edən Hikmət Haqverdiyev yarışa rumıniyalı Andrey Peleana qarşı 7:0 hesablı inamlı qələbə ilə başlayıb. Daha sonra o, norveçli Abu Bakar Saqanı 9:2 hesabı ilə məğlub edib. Yarımfinalda isə Hikmət qırğızıstanlı İslam Kurbanov üzərində çətin qələbə qazanıb - 4:3. Finalda onun rəqibi özbəkistanlı Otabek Tursunov olacaq.
Digər finalçı Əli Nəzərov (60 kq) ilk mərhələdə xorvatiyalı Roko Kuriçi 5:1 hesabı ilə məğlub edib. O, gürcüstanlı Lazare Qoqotişvilini 10:1, özbəkistanlı Humoyun Erkinovu isə 9:0 hesabı ilə vaxtından əvvəl xalça üzərindən kənarlaşdırıb. Yarımfinalda iranlı Əbülfəzl Eşaği ilə qarşılaşan Əli rəqibini ilk xal prinsipinə əsasən 1:1 hesablı bərabərliklə üstələyib. Finalda o, qırğızıstanlı Amangəldi Ysakbayevə qarşı mübarizə aparacaq.
45 kq çəki dərəcəsində mübarizə aparan Abdurrahman Hüseynli əvvəlcə amerikalı Tales Silva (6:3), ardından isə gürcüstanlı Saba Abaşidzeni (9:6) məğlub edərək yarımfinala yüksəlib. Lakin burada qırğızıstanlı Nurkerim Kumarbekova 0:7 hesabı ilə uduzub. Abdurrahman sabah bürünc medal uğrunda Türkiyə təmsilçisi Mustafa Güvən və Ukraynalı Timur Məhərrəmov arasında keçiriləcək qarşılaşmanın qalibi ilə qarşılaşacaq.
71 kq çəki dərəcəsində çıxış edən Yusif Əhmədli türkiyəli Emirhan Çakırı tam üstünlüklə - 8:0 hesabı ilə məğlub edib. Daha sonra gürcüstanlı Giorgi Qoqelaşvili (7:2) və tacikistanlı Alişer Ruzimadov (9:5) üzərində qələbə qazanıb. Yarımfinalda özbəkistanlı Bəhruzbek Vəliyevlə görüşdə 5 xallıq üstünlüyə malik olmasına baxmayaraq, təşəbbüsü əldən verərək 5:9 hesabı ilə uduzub. O, sabah bürünc medal uğrunda iranlı Mohammad Kazımi, finlandiyalı Matias Onnenlehto və ya bolqarıstanlı Radoslav Peryanski ilə qarşılaşacaq.
92 kq çəki dərəcəsində yer alan Səid Paşayev isə 1/8 finalda iranlı Amirsam Mohammadiyə 1:6 hesabı ilə uduzub. Rəqibinin finala yüksəlməsi səbəbindən Paşayev təsəlliverici görüşə çıxmaq hüququ əldə edib. O, moldovalı Vladislav Vasilevski ilə qarşılaşacaq.