"Fənərbaxça"nın müdafiəçisi Jayden Oosterwolde ilə bağlı transfer iddiaları gündəmdə qalmaqda davam edir.
Manset.az türk mətbuatına istinadən xəbər verir ki, İngiltərənin "Nyukasl Yunayted" klubu hollandiyalı futbolçunun icarəyə götürülməsi üçün İstanbul təmsilçisinə rəsmi təklif göndərib. Təklifdə futbolçunun satın alma opsiyasının da yer aldığı bildirilir.
Qeyd olunur ki, ötən mövsüm yaşadığı ciddi zədədən sonra tam sağalan Oosterwolde bu mövsüm yenidən əsas heyətdə yer almağa başlayıb və performansı ilə Avropa klublarının diqqətini cəlb edib.
Buna baxmayaraq, "Fənərbaxça" rəhbərliyi 24 yaşlı müdafiəçini heyətində saxlamaq niyyətindədir. Klub, "Nyukasl"dan daxil olan təklifi rədd edib.
Xatırladaq ki, Jayden Oosterwolde "Fənərbaxça" ilə 30 iyun 2028-ci il tarixinə qədər müqavilə ilə bağlıdır. O, cari mövsümdə komandasının heyətində 6 rəsmi oyunda meydana çıxıb və ümumilikdə 477 dəqiqə oynayıb.