AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 30-cu turu çərçivəsində keçirilən oyunlardakı mübahisəli epizodları şərh edib.
Manset.az xəbər verir ki, komitə sədri ümumilikdə dörd qarşılaşmada qeydə alınan epizodlar barədə fikirlərini bölüşüb.
Mütəxəssis “Kəpəz”–“Sumqayıt”, “Şamaxı”–“Sabah”, “Zirə”–“Qəbələ” və “Karvan-Yevlax”–“Neftçi” matçlarında hakimlərin verdiyi qərarların doğru olduğunu təsdiqləyib.
Xatırladaq ki, turun ən çox müzakirə edilən “Kəpəz” – “Sumqayıt” oyunundan sonra Sumqayıt təmsilçisinə ciddi sanksiyalar tətbiq olunub. Belə ki, “Sumqayıt”ın baş məşqçisi Saşa İliç hakimin qərarına kəskin etiraz etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq 2 oyunluq cəzalandırılıb. Klub isə buna görə 5000 manat cərimə edilib.
Bundan əlavə, oyun başa çatdıqdan sonra hakimlər otağına daxil olan “Sumqayıt” klubunun prezidenti Riad Rəfiyev də ağır cəzaya məruz qalıb. O, 2 oyunu şərti olmaqla ümumilikdə 5 oyunluq kənarlaşdırılıb, klub isə əlavə olaraq daha 5000 manat cərimə olunub.