Salahın qolları "Liverpul"a 3 xal qazandırdı

18:11 - 21 Oktyabr 2023

Salahın qolları \"Liverpul\"a 3 xal qazandırdı

İngiltərə Premyer Liqasının doqquzuncu turunda Liverpul şəhərindəki "Enfild" stadionunda Mersisayd derbisi baş tutub.

 

Manset.az xəbər verir ki, eyni şəhərin iki komandası - "Liverpul" və "Everton" arasında keçirilən matç "qırmızılar"ın inamlı qələbəsi ilə sona çatıb.

Oyunun birinci hissəsi "Liverpul"un üstünlüyü ilə keçsə də, hesab açılmayıb. Əvəzində "Everton"un cinah müdafiəçisi Eşli Yanq 37-ci dəqiqədə ikinci dəfə sarı vərəqə alaraq meydandan qovulub. İkinci yarıya azlıqda başlayan "mavilər" bütövlükdə müdafiəyə çəkilərək ancaq əks-hücumlara bel bağlayıblar. Bununla belə, 75-ci dəqiqədə Yurgen Kloppun yetirmələri status-kvonu dəyişə biliblər: Luis Diasın qazandığı penaltini misirli hücumçu Məhəmməd Salah qola çevirib. Prinsipial oyunda məğlubiyyətlə barışmaq istəməyən Şon Dayçın yetirmələri "qırmızılar"a qarşı həmlələr həyata keçirməyə başlasalar da, 97-ci dəqiqədə ev sahibləri qonaqları əks-hücumda yaxalayaraq matçda son nöqtəni qoyub: Salah və Darvin Nunyesin dueti afrikalının qolu ilə sonuclanıb.

Beləliklə, Mersisayd derbisi "Liverpul"un 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, doqquz turdan sonra "Liverpul"un aktivində 20 xal var. Komanda azı müvəqqəti də olsa, turnir cədvəlinə başçılıq edir. "Everton" isə 7 xalla 16-cı pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az