“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinin III turunda Almaniyada “Bayer”in qonağı olacaq.
Manset.az Oxu.Az-a xəbər verir ki, komandalar iki turdan sonra hərəyə altı xalla H qrupunda ilk iki pilləni bölüşdürürlər. Leverkuzen təmsilçisi daha yaxşı top fərqinə görə liderdir.
“Bayer”, ümumiyyətlə, əla mövsüm keçirir. Xabi Alonsonun komandası Almaniya Bundesliqasının turnir cədvəlində də zirvədədir. “Qırmızı-qaralar” səkkiz turdan sonra 22 xalla birinci pillədədirlər. Komanda mövsüm başlayandan məğlubiyyət üzü görməyib.
“Transfermarkt” portalına görə, “Bayer”in heyətinin ümumi dəyəri 523,25 milyon avrodur. Müqayisə üçün qeyd edək ki, “Qarabağ”da bu rəqəm 13,7 milyon avrodur.
Leverkuzen təmsilçisinin ən dəyərli oyunçusu Florian Virtsdir. Avropanın bir sıra nəhəng klublarının diqqət mərkəzində olan 20 yaşlı hücumameyilli yarımmüdafiəçinin transfer qiyməti 85 milyon avrodur. Sağ cinah müdafiəçi Jeremi Frimponq 45 milyon avro qiymətləndirilir. Mərkəz müdafiəçisi Edmond Tapsoba və hücumçu Viktor Bonifasenin dəyəri 40 milyon avrodur. Bonifase həm də bu mövsüm komandanın ən yaxşı bombardiridir. 22 yaşlı nigeriyalı forvard artıq doqquz qol vurmağı bacarıb. Bu mövsüm zədə səbəbindən meydana çıxa bilməyən Patrik Şik isə ötən mövsüm 23 dəfə fərqlənə bilib. 27 yaşlı çexiyalı hücumçunun yaşıl meydanlara “Qarabağ”la oyunda qayıtmaq ehtimalı böyükdür.
Baş məşqçi Xabi Alonso 3-4-2-1 taktiki sxeminə üstünlük verir. Onun komandası daim pressinq edir və hücum variantları çoxdur. Eyni zamanda yay transferləri ilə müdafiə və irəli xətt arasında keçid zonalarında daha axıcı oyun üslubu mənimsənilib.
“Bayer” oyun ərzində topa daha çox nəzarət etməyi sevir. Komanda meydanda sıx məskunlaşır. Kompaktlıq, adətən, müdafiə olunmaq üçün istifadə olunsa da, “Bayer”də bu, bir qədər fərqlidir. Komanda topla olanda da futbolçular bir-birlərinə yaxın olmağa çalışırlar. Bu, ötürmə etmək imkanlarını artırır. Eyni zamanda, oyunçular mövqeyə bağlılıqdan çox sərbəst hərəkət edirlər. Bu baxımdan Virtsi xüsusi qeyd etmək olar. O, klassik “10 nömrə” anlayışına uyğun gələn sərbəstliyə malikdir. Hücumda isə Bonifase hərəkət azadlığına malikdir.
Alonsonun sistemində cinah müdafiəçilərinin xüsusi əhəmiyyəti var. İspaniyalı mütəxəssis onların sayəsində sıx oyuna genişlik qata bilir. Həm Frimponq, həm də Alexandro Qrimaldo hücumda böyük fəallıq göstərirlər. Onlar bu mövsüm hərəyə üç dəfə fərqlənməyi bacarıblar. Üstəlik hərəsinin aktivində beş məhsuldar ötürmə də var. Komanda bu mövsüm Bundesliqa və Avropa Liqasında ümumilikdə 31 qol vurub. Bunların yarıdan çoxunda, 16-da cinah müdafiəçilərinin birbaşa iştirakının olması Xabi Alonsonun komandasında onların necə öldürücü rol oynadığının göstəricisidir.
Televiziyadan komandanın oyununu izləyəndə geniş planda Qrimaldo və ya Frimponqu, ümumiyyətlə, görməyə bilərsiniz. Bir də yalnız onda fərqinə varmaq mümkün ola bilər ki, həmin oyunçular hücumun aktiv fazasında əsas icraçılar olsunlar. Bu baxımdan “Qarabağ” “Bayer”in cinah oyunçularına qarşı xüsusi həssaslıq göstərməlidir. Oktyabrın 26-da Mateus Silva/Toral Bayramov və Elvin Cəfərquliyevin üzərinə böyük məsuliyyət düşəcək. Üstəlik, Qurban Qurbanov özü də cinah müdafiəçilərindən hücumda aktiv yararlanmağı sevir. Bəlkə, bir oyunluq bundan müəyyən qədər imtina etmək daha doğru seçim olar.
“Bayer”in hücum elementləri bununla məhdudlaşmır. Komandanın mərkəz dördlüyü hər an təhlükə yaratmaq potensialındadır. “Qırmızı-qaralar” bu mövsüm Bundesliqada mərkəzdən ən çox hücum edən kollektivdir. Cinahlar anidən hücuma qoşulursa, ortadan edilən cəhdlər uzun müddət hazırlanır. Məqam yetişənə qədər yarımmüdafiəçilər üçbucaqlar yaradıb topu dəfələrlə bir-birlərinə ötürməkdən çəkinmirlər. İrəli ötürmələr etmək əsasən Virts və Qranit Cakanın öhdəsinə düşür. Caka eyni zamanda arxa üçlü ilə orta xətt arasında dispetçer funksiyasını yerinə yetirir.
“Bayer”in müdafiə sisteminə gəlincə, burada da hər şey hücumdan başlanır. Daha doğrusu, əks-pressinqdən. Komanda axan oyunda topu itirirsə, sıx yerləşmə onlara dərhal təzyiq edib topu qazanmağa imkan yaradır. Əgər rəqib kifayət qədər sürətli və ağıllıdırsa, bu zaman şans qazanmaq imkanı olur. Təbii ki, hələ dayaq zonasında Caka və arxa üçlü sədlərini də aşmaq lazımdır. Əgər mərkəz müdafiəçilərindən biri də əks-pressinqdə iştirak edirsə, - nəzərə alaq ki, bu, tez-tez olur - şans əldə etmək nisbətən asanlaşır. Çünki geridə qalan iki müdafiəçinin geniş zonanı bağlaması demək olar ki, mümkünsüzləşir.
Açıq oyunda “Bayer”i çətinə salmaq olar. “Qarabağ” məhz bu məqama fokuslanmalıdır. Belə olanda müdafiə ilə irəli xətti birləşdirməli olan futbolçuların üzərinə böyük yük düşəcək. Julio Romao fiziki göstəricilərinə görə hər nə qədər üstün olsa da, cəldliyinin az olması ona problem yarada bilər. Belə olanda zədə səbəbindən hələ də meydana çıxıb-çıxmayacağı sual altında olan Marko Yankoviçin oynaya bilməsi mütləqdir. Məhz onun sayəsində komanda əks-pressinqə düşməkdən yaxasını kənara çəkə bilər.
Ümumi müdafiə strukturuna gəlincə, “Bayer” top rəqibdə olarkən beşli arxa xəttə malik olur. Bu zaman komanda üçün prioritet ən irəli xətdəki rəqib oyunçuları maksimal dəqiqliklə bağlamaqdır. Onlar bunu qüsursuz etmək üçün hətta rəqibin cinahdan çox irəliləməsinə də bəzən göz yumurlar. Cərimə meydançasının ətrafında və daxilində isə stoperlərin yaratdığı səddi aşmaq müşkül məsələdir. “Bayer” tamamilə yerləşibsə, onlara qol vurmaq çətindir.
Xabi Alonsonun komandasına qarşı “Qarabağ” üçün əsas tapşırıqlar bunlardır: Rəqibin sürətli cinah oyunçularını maksimum zərərsizləşdirmək və əks-pressinqdən mümkün qədər sürətli və ağılla çıxa bilmək. Birincisi müdafiə olunmaqda effekt verəcəksə, digəri hücum etmək imkanları yaradacaq.
Bu mövsüm “Qarabağ” üçün ən ciddi sınaqdır. “Bayer”lə qarşılaşma komandanın taktiki biliklərini və ayrı-ayrı oyunçuların oyun zəkasını tam ortaya çıxaracaq. Hazırda Avropanın ən formada olan kollektivlərindən biri ilə qarşılaşmada rəqibin ideyalarını vaxtında oxumaq və bunun üçün maksimal konsentrasiyanın olması mütləqdir. Yalnız bu halda nəyəsə ümid etmək olar.
Qeyd edək ki, oktyabrın 26-da 30 120 nəfər azarkeş tutumuna malik olan “BayArena”da keçiriləcək “Bayer” - “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.