"Kəpəz"in oyunçuları azarkeşə doğum günü sürprizi ediblər.
Manset.az xəbər verir ki, 13 yaşı tamam olan Hüseyn Hüseynli sosial şəbəkə vasitəsi ilə kluba müraciət ünvanlayıb. “Kəpəz”ə Premyer Liqanın ikinci hissəsindəki matçlarında uğurlar arzulayan azarkeş fevralın 6-da doğum gününü qeyd edəcəyini yazıb və xəyallarında tutduğu arzusunun bu doğum günündə reallaşmasını istəyib. O ad gününü ən çox sevdiyi futbol komandasının oyunçuları ilə birgə qeyd etmək istəyində olduğunu bildirib. "Sarı-göylər" Hüseynin arzusunu çin ediblər. Qonaqları qapıda qarşılayan yeniyetmə sevincdən göz yaşlarına hakim ola bilməyib. Onu təbrik etmək üçün Tural Rzayev, Əli Səmədov, Junior Martins və Olavale Onanuqa onlara təşrif buyurub. Xoş sürprizin sevincindən bir qədər özünü itirən Hüseynə valideynləri dəstək olub və qonaqları içəri dəvət edib. Sevincinin həddi-hüdudu olmayan azarkeş söhbət əsnasında bu doğum gününü heç vaxt unutmayacağını bildirib. Tortunu sevdiyi futbolçularla kəsən gənc azarkeş onlarla xatirə çəkilləri çəkdirib, təbrikləri qəbul edib.