2025-ci ilin birinci yarımilində hərbi və qeyri-hərbi cinayətlərdə əhəmiyyətli azalma müşahidə olunub.
Manset.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda keçirilən geniş Kollegiya iclasında Hərbi prokuror Bəhruz Əhmədov məlumat verib.
Prokuror bildirib ki, 2024-cü ilin birinci yarımili ilə müqayisədə, 2025-ci ilin eyni dövründə ümumilikdə qeydə alınmış cinayətlərin sayı 10,9% azalıb. Qeyri-hərbi cinayətlər 2,5%, hərbi xidmət əleyhinə olan cinayətlər isə 18,6% azalıb.
Xüsusilə, hərbi xidmətdən yayınma ilə bağlı cinayətlərdə ciddi azalma qeydə alınıb. Belə ki:
• Hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma cinayətləri 36,4%,
• Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 45,3%,
• Fərarilik cinayətləri isə 70% azalıb.
Ümumilikdə bu kateqoriyaya aid cinayətlər 43,9% azalıb.
Bundan əlavə, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya səlahiyyətləri aşma cinayətləri 52,9%, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması 18,2%, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 50% azalıb.
Hərbi prokuror vurğulayıb ki, cinayət işlərinin başlanmasının qanuniliyinə və əsaslılığına xüsusi diqqət yetirilməsi, işlərin hərtərəfli və obyektiv araşdırılması, düzgün qurulmuş istintaq metodikası və peşəkar yanaşma nəticəsində qeydə alınmış cinayətlərin 99,2 faizi açılıb.
Ən diqqətçəkən məqamlardan biri isə ondan ibarətdir ki, 2025-ci ilin ilk yarısında qəsdən adam öldürmə və qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri ümumiyyətlə qeydə alınmayıb.
Kollegiya iclasında bu nəticələr yüksək qiymətləndirilib və gələcək fəaliyyət istiqamətləri müəyyən olunub.