- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) mətbuat konfransı keçirilib.
Manset.az xəbər verir ki, tədbirdə əvvəlcə həmkarlar
ittifaqlarının fəaliyyətində son bir il ərzində tətbiq edilən yenilikləri, həyata
keçirilən layihələri əks etdirən videoçarx nümayiş etdirilib.
Sonra AHİK nümayəndələri
tərəfindən media mənsublarına həmkarlar ittifaqlarının fəaliyyəti, əmək
hüquqlarının qorunması, əməyin təhlükəsizliyi, layiqli iş şəraitinin yaradılması
istiqamətində reallaşdırılan tədbirlər və sosial layihələr barədə ətraflı məlumat
verilib.
Qeyd olunub ki, Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyasının 2025-2027-ci illər üzrə inkişaf strategiyası təsdiq
edilib və hazırda
strategiyanın reallaşdırılması üçün 7 prioritet, 12 fəaliyyət istiqaməti və 36
tədbiri əhatə edən Tədbirlər Planı icra olunur.
Konfederasiyada
“Çağrı Mərkəzi”, Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi, həmçinin “Kurort”
Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlayıb. Konfederasiyanın sanatoriya və
istirahət mərkəzlərində yenidənqurma və təmir işləri aparılır, şərait
yaxşılaşdırılır. Qida təminatı sahəsində də yeniliklər edilib, menyular qida təhlükəsizliyi
standartlarına uyğunlaşdırılıb, sanitariya və gigiyena qaydalarına nəzarət gücləndirilib.
Sanatoriya və
istirahət mərkəzlərinə yollayışların verilməsi prosesində şəffaflığın,
operativliyin və əlçatanlığın təmin olunması məqsədilə e-ahik Sanatoriya-Kurort
Elektron Rezervasiya Sistemi istifadəyə verilib. 2025-ci il yanvarın 1-dən
iyulun 31-dək 32 minə yaxın yollayış verilib ki, bu isə ötən ilin müvafiq
dövrünə nisbətən 1,5 dəfə çoxdur.
Media təmsilçilərinə
“AHİK könüllüləri”, “Layiqli Əmək Səfirləri”, “Həmkardan həmkara qayğı ilə”,
“Sağlamlığa doğru qaç”, “Görməyə dəyər” layihələri barədə məlumat verilib.
Bildirilib ki, yeni layihə - “AHİK
Plus” üzərində də iş aparılır. Layihə sosial tərəfdaşlarla birgə rəqəmsal
platforma vasitəsilə həyata keçiriləcək. “AHİK Plus” çərçivəsində həmkarlar
ittifaqı üzvləri üçün bonuslar, endirimlər və xüsusi güzəştlər nəzərdə tutulur.
Tədbirdə media nümayəndələri Əmək və Sosial Münasibətlər Akademiyasında tədrisin
keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işlər barədə də məlumatlandırılıb.
Belə ki, Akademiyada 5 ixtisas üzrə bakalavr, 2 ixtisas üzrə magistr təhsili həyata
keçirilir. Ali təhsil ocağında ittifaq üzvlərinin
bilik və bacarıqlarının artırılması, ixtisasartırma kurslarının təşkili, həmçinin
dövlət qurumları və özəl sektorun sifarişi əsasında təlimlərin keçirilməsi məqsədilə
İxtisasartırma və Kadrların İnkişafı Mərkəzi yaradılıb.
Tədbirdə vurğulanıb
ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin
ailələrinə, qazilərə və müharibə iştirakçılarına dəstək məqsədilə tədbir həyata
keçirilir, layihələr reallaşdırılır. Qeyd edilib ki, Konfederasiyanın himayəsində olan 209 şəhid ailəsinin 378 övladına hər ay
maddi yardım göstərilir. 148 şəhid ailəsinə isə alış-veriş kartları təqdim
edilib. Bundan başqa, 20 Yanvar şəhidlərinin
95 ailə üzvünə birdəfəlik maddi dəstək göstərilib. Bu istiqamətdə həyata
keçirilən layihələr çərçivəsində şəhid övladları üçün “Abşeron” sanatoriyasında
“Texno Qəhrəmanlar” master-klası təşkil olunub.
Konfederasiya və üzv təşkilatlar tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü, Yeni il, Novruz bayramı və digər əlamətdar günlər münasibətilə mədəni-kütləvi
tədbirlər təşkil olunur. Üzvlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədilə
teatr tamaşalarına, konsert proqramlarına kollektiv baxış, həmçinin idman
yarışları təşkil olunur. Keçirilmiş tədbirlər çərçivəsində həmkarlar ittifaqı üzvlərinin uşaqlarına 800 minə
yaxın hədiyyə təqdim edilib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 2 dəfə
çoxdur.
Media nümayəndələrinə
AHİK-in beynəlxalq əməkdaşlıq sahəsində görülən işlər, beynəlxalq həmkarlar
ittifaqları ilə əlaqələri barədə də ətraflı məlumat verilib.
Sonda jurnalistləri
maraqlandıran suallar cavablandırılıb.