Gənclərin Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsilə təşviq edilməsi məqsədilə tədbirlər davam etdirilir.
Manset.az xəbər verir ki, bu istiqamətdə şagirdlərlə növbəti görüş Nəsimi rayonunda keçirilib. Tədbirdə Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Vüqar Ağayev, məktəblilər, müəllimlər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Görüşdə çıxış edən şəxslər tərəfindən şagirdlərə “Hüquqşünaslıq” və “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə qəbul qaydaları, Polis Akademiyasının “Virtual Akademiya” platforması, ödənişsiz təhsil resursları, geyim və yataqxana ilə təminat, polis xüsusi rütbəsinin verilməsi, hərbi mükəlləfiyyətli hesab olunmaqla hərbi rütbənin verilməsi, təhsil müddətinin iş stajına daxil edilməsi və yüksək təqaüd imkanları barədə geniş məlumat verilib. Gələcəkdə Akademiyada təhsil almaq istəyən şagirdlərə uğurlar və qəbul imtahanlarında müvəffəqiyyət arzulanıb. Tədbirdə Polis Akademiyasında tədris prosesinə və kursantların hazırlığına həsr edilmiş videoçarx nümayiş olunub.
Sonda şagirdlər Nəsimi Rayon Polis İdarəsində Növbətçi Hissə, Müvəqqəti Saxlanma Yeri, “Təhlükəsiz Şəhər” otağı, Kriminalist Tədqiqatlar Bölməsi, eləcə də Post-Patrul Xidməti taborunun fəaliyyəti ilə yaxından tanış olub, xüsusi təyinatlı polis əməkdaşlarının təlimlərini izləyiblər.