Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirildi - FOTOLAR

15:24 - 13 Mart 2026

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirildi - FOTOLAR

2026-cı il martın 13-də “Hilton” mehmanxanasında Azərbaycan Respublikası Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə VK rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, əməkdar hüquqşünas Fərhad Abdullayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektorunun müdiri Həsən Bağırov, Kollegiyanın Rəyasət Heyətinin üzvləri, vəkil qurumlarının rəhbərləri, vəkillər, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Mərasimdən əvvəl vəkilliyə namizədlər Fəxri xiyabanı ziyarət edib, Ümummilli Lider Heydər Əliyevin məzarı önünə gül qoyub, dahi şəxsiyyətin əbədiyaşar xatirəsini dərin ehtiramla anıblar. 

Sonra tədbir Qadın Vəkillər Alyansının üzvlərinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin və Vəkil Marşının səsləndirilməsi ilə başlayıb. Ardınca müasir müstəqil Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin, həmçinin ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Kollegiyanın il ərzində həyata keçirdiyi fəaliyyətləri əks etdirən illik hesabat xarakterli videoçarx nümayiş olunub.

Tədbirdə açılış nitqi ilə çıxış edən Kollegiya sədri Anar Bağırov iştirakçıları salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı və Novruz bayramı münasibətilə hər kəsi təbrik edib, onlara ən xoş arzu və diləklərini çatdırıb.  

Sədr çıxışı zamanı ölkəmizdə vəkillik institutunun keçdiyi tarixi inkişaf yoluna qısa nəzər salaraq son illərdə bu sahədə həyata keçirilən mühüm islahatlardan bəhs edib.

Çıxışında vəkillik institutunun formalaşmasında Ümummilli Lider Heydər Əliyev tərəfindən 1999-cu il 28 dekabr tarixində imzalanmış “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun xüsusi rolunu vurğulayan Anar Bağırov qeyd edib ki, həmin Qanun vəkilliyin müstəqil hüquqi təsisat kimi formalaşmasının əsasını qoyub. Sədr bildirib ki, məhz bu Qanunun qəbulundan sonra Azərbaycan tarixində ilk dəfə olaraq vəkillik institutu tam müstəqil, heç bir hakimiyyət qolundan asılı olmayan peşə qurumu kimi fəaliyyət göstərməyə başlayıb və qəbul olunmuş prosessual qanunvericilik çərçivəsində çəkişmə prinsipi əsasında məhkəmə prosesinin bərabərhüquqlu iştirakçısına çevrilib.

VK sədri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 22 fevral 2018-ci il tarixli “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamın, eləcə də dövlət başçısının 19 noyabr 2025-ci il tarixli Fərmanı ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna edilmiş mütərəqqi və sistemli dəyişikliklərin vəkillik institutunun inkişafında mühüm mərhələ təşkil etdiyini bildirib.

Anar Bağırov bildirib ki, Prezident İlham Əliyevin 3 mart 2026-cı il tarixli Sərəncamı ilə hakim vəzifəsinə təyin olunmuş şəxslər arasında VK-nın 12 üzvünün yer alması olduqca yüksək göstəricidir. Sədrin sözlərinə görə, bu fakt vəkillik institutunun ölkənin məhkəmə sistemində də etibarlı və peşəkar kadr bankına çevrildiyini göstərir. Kollegiyanın həm Məhkəmə-Hüquq Şurasında, həm də Hakimlərin Seçki Komitəsində uğurla təmsil olunduğunu söyləyən sədr hakim vəzifəsinə təyin olunan keçmiş vəkillərin məhkəmə-hüquq islahatlarının həyata keçirilməsinə mühüm töhfə verəcəklərinə inandığını deyib, onların hər zaman qanunun aliliyinə və etik davranış prinsiplərinə sadiq qalacaqlarına əminliyini ifadə edərək bu şərəfli fəaliyyətlərində uğurlar diləyib.

Anar Bağırov çıxışının davamında nəzərə çatdırıb ki, 2018-ci ildən etibarən vəkilliyə qəbul prosesi daha da genişləndirilib və bu müddət ərzində ümumilikdə 16 test imtahanı keçirilib. Həmin imtahanlarda 6 893 namizəd iştirak edib, onlardan 2 036-sı uğurla icbari təlim mərhələsini başa vuraraq and içib və Kollegiyanın üzvü olub.

Qeyd olunub ki, bugünkü tədbirə təntənəli şəkildə and içərək Kollegiyaya üzv qəbul olunmaq üçün daha 50 namizəd qatılıb. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin ümumi sayı 2 867 nəfərə çatıb. Yeni qəbul olunan namizədlərdən 35 nəfəri kişi, 15 nəfəri qadındır. Onlardan 6 nəfəri regionlarda, 44 nəfəri isə paytaxtda fəaliyyət göstərəcək. Yeni qəbul olunan üzvlərlə birlikdə qadın vəkillərin sayı 643 nəfərə yüksəlib və bu göstərici ümumi üzvlərin təxminən 22 faizini təşkil edir. Bu isə vəkillik peşəsində gender balansının tədricən gücləndiyini göstərir.

Tədbirdə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sədr çıxışında son illər ərzində Kollegiya tərəfindən həyata keçirilən islahatlardan və görülən işlərdən danışıb, ölkədə hüquqi dövlət quruculuğu prosesində vəkillik institutunun mühüm rol oynadığını qeyd edib.

Bildirib ki, 1999-cu ildə qəbul edilmiş “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun vəkillik institutunun müstəqil hüquqi təsisat kimi formalaşması və fəaliyyətinin hüquqi əsaslarının müəyyənləşdirilməsi baxımından mühüm mərhələ olub.

Fərhad Abdullayev vurğulayıb ki, bu gün VK və vəkil korpusu cəmiyyətin nüfuzlu və etibarlı hüquq institutlarından birinə çevrilib. Kollegiyanın kadr potensialı əhəmiyyətli dərəcədə güclənib, vəkillərin peşə hazırlığı və hüquqi bilik səviyyəsi yüksəlib, bu isə bütövlükdə ölkədə hüquq sisteminin inkişafına mühüm töhfə verir.

Mərasimdə çıxış edən Kollegiyanın üzvü, VK-nın Ağsaqqallar Şurasının sədri, əməkdar hüquqşünas İkram Kərimov namizədləri təbrik edərək gənc vəkillərə fəaliyyətlərində insan hüquq və azadlıqlarının müdafiəsində prinsipial mövqe nümayiş etdirməyi, qanunun aliliyini hər zaman rəhbər tutmağı tövsiyə edib.

Vəkillik peşəsinin yüksək etik dəyərlər, peşəkarlıq və böyük məsuliyyət prinsipləri üzərində formalaşdığını vurğulayan əməkdar hüquqşünas onların hüquqi bilik və bacarıqlarını davamlı olaraq inkişaf etdirmələrinin vacibliyini söyləyib, vəkillik institutunun nüfuzunun qorunması və daha da yüksəldilməsi istiqamətində səylə fəaliyyət göstərməyin əhəmiyyətini diqqətə çatdırıb.

Daha sonra hakim vəzifəsinə təyin olunan şəxslər VK Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərmanla təltif olunublar.

Ardınca vəkilliyə qəbul üzrə ixtisas imtahanlarından uğurla keçmiş, icbari təlim mərhələsini müvəffəqiyyətlə başa vurmuş və şifahi müsahibədən keçərək Kollegiya üzvlüyünə qəbul edilmiş namizədlərin təntənəli andiçmə mərasimi keçirilib. Namizədlər Azərbaycanın Dövlət Bayrağı önündə and içərək vəkil peşəsinin şərəf və ləyaqətini daim uca tutacaqlarına, qanunun aliliyinə sadiq qalacaqlarına və insan hüquq və azadlıqlarının müdafiəsində vicdanla fəaliyyət göstərəcəklərinə dair öhdəlik götürüblər.

Tədbir zamanı onlara vəkil vəsiqələri təqdim olunub.

Mərasimdə çıxış edən yeni vəkillər bu şərəfli peşəyə qəbul olunmağın onlar üçün böyük qürur mənbəyi olduğunu bildirərək, vəkilliyə qəbul prosesinin şəffaf, ardıcıl və sistemli şəkildə təşkilinə görə VK Rəyasət Heyətinə təşəkkürlərini ifadə ediblər.

Sonda fəaliyyətində fərqlənmiş və yubiley yaşını qeyd edən Kollegiyanın bir qrup üzvü də təltif olunub. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az