10 May - Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 - cü ildönümü münasibətilə Kəlbəcər şəhərində “Yaşıl Mirasdan Güclü Gələcəyə” şüarı altında ağacəkmə aksiyası keçirilib.
Manset.az xəbər verir ki, Kəlbəcər rayonunda Azərbaycan Respublikası
Prezidentinin xüsusi nümayəndəliyinin və Kəlbəcər rayonunda Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
dəstəyi, eləcə də ərazidə fəaliyyət göstərən digər qurumların iştirakı ilə baş
tutan aksiya ətraf mühitin qorunmasına, ekoloji tarazlığın bərpasına və
regionda yaşıllıq sahələrinin genişləndirilməsinə töhfə vermək məqsədi daşıyıb.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi
ehtiramla yad edilib. Daha sonra aksiya iştirakçıları tərəfindən Kəlbəcər şəhərinin
təyin edilmiş bölgələrində cökə, ağcaqayın, fıstıq, Eldar şamı və sərv ağacı
kimi müxtəlif növ ağac tingləri əkilib, tinglərə aqrotexniki qulluq göstərilib.
Aksiya çərçivəsində iştirakçılar çıxış edərək təbiətin qorunmasının və
ekoloji dəyərlərin təşviqinin hər bir vətəndaşın ortaq məsuliyyəti olduğunu
vurğulayıblar. Bildirilib ki, yaşıllıqların artırılması iqlim dəyişikliklərinin
təsirlərinin azaldılması, biomüxtəlifliyin qorunması və gələcək nəsillər üçün
sağlam ekoloji mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Keçirilən ağacəkmə aksiyası həm təbiətə qayğının təşviqi, həm də
ekoloji mədəniyyətin formalaşdırılması istiqamətində mühüm təşəbbüs kimi qiymətləndirilib.
Tədbir iştirakçıları bu cür sosial - ekoloji aksiyaların davamlı şəkildə həyata
keçirilməsinin vacibliyini qeyd edərək, Kəlbəcərin yaşıllıq potensialının daha
da artırılmasına birgə töhfə verməyə hazır olduqlarını bildiriblər.