Lənkəranın Aşağı Nüvədi–Kənarmeşə yolu, Aşağı Nüvədi–Viyən yolu, Haftoni–Ləj yollarından istifadə çətindir. Hər il əsaslı təmiri ilə bağlı vədlər verilsə də, yollar hələ də əsaslı təmir edilməyib.
Bu barədə Manset.az-a müraciət edən sakinlərin sözlərinə görə, yolların uzun illərdir təmir olunmaması nəticəsində asfalt örtüyü tamamilə sıradan çıxıb, iri çalalar yaranıb. Bu isə həm piyadaların, həm də nəqliyyat vasitələrinin hərəkətini ciddi şəkildə çətinləşdirir. Lənkəranın Haftoni qəsəbəsinə daxil olan Ləj kəndində, eləcə də Aşağı Nüvədi inzibati ərazisinə daxil olan Viyən kəndində avtomobil yolları uzun müddətdir əsaslı təmir olunmur. Mövcud vəziyyət marşrut avtobuslarının hərəkətində də ləngimələrə səbəb olur.
Sakinlərin sözlərinə görə, Ləj kəndinin İpək yolundan kəndə giriş hissəsi 70-80 ci illərdə asfalt üzü görüb, o vaxtdan bəri yola baxılmayıb. Təhsil müəsissəslərinin fəaliyyətə başlamasına isə 1 ay qalıb. İpək yolundan körpüyədək olan hissə təmir olunsa da davamı ildən ilə daha da çətinləşir. Qış aylarında yol su altında qalır. Cəmi 1.5 km-lik əsas yol xəttinin düzəldilməsinə ehtiyac var. Bu kəndə 2 marşrut xətti işləyir. Qeyd edək ki, 2200-dən artıq əhalisi olan Ləj kəndində vəziyyət ağırdır. Sakinlər bildirirlər ki, yolların yararsız hala düşməsi nəqliyyatın hərəkətini, təcili yardım və digər xidmətlərin əlçatanlığını əhəmiyyətli dərəcədə çətinləşdirir.
Haftoni Bələdiyyəsinin sədri Rövşən Zeynalov məsələ ilə bağlı saytımıza bildirdi ki, sözügedən yol və yolun uzunluğu 8 km Haftonu Ləj, Haftonu Kərgəran kəndlərini birləşdirir. Ləj hissəsi sakinlər hesabına təmir bərpa işləri aparılıb. Məlumata əsasən, 2027 - ci ildə təmir olunacaq. Bu xəttə 4 marşrut işləyir, yolun təmirinə ehtiyac var.
Lənkəran rayonunun Viyən kəndində də yol problemi uzun müddətdir həll olunmur. Bu vəziyyət şagirdlərin məktəbə gediş-gəlişini və marşrutların fəaliyyətini çətinləşdirir. Sakinlər aidiyyəti qurumlardan yolların təmir olunmasını xahiş edirlər. Sakinlər bildirirlər ki, təcili tibbi yardım 15 dəqiqəlik yolu 40 dəqiqəyə gəlir.
Sakinlər bildirir ki, dəfələrlə cavabdeh qurumlara müraciət etsələr də, problem hələ də həll olunmayıb.
İbrahimov İqbal Aşağı Nüvədi kənd Bələdiyyə sədri bildirdi ki, Aşağı Nüvədi kəndi 2025 - ci ildə birləşmədən sonra 8 kəndi əhatə edir . Viyən kəndi də Aşağı Nüvədi kəndinin tərkibindədir. Bu ilə qədər bütün kənd yolları təmir olub və yararlıdır, lakin 1 km yarım torpaq sahəsi isə AAYDA-nın balansında olduğundan yolun təmiri qalıb, özümüz abadlıq işləri aparsaq da, əsaslı təmir bizim imkanın xaricindədir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məsələ barədə xəbardar olduğunu bildirdi:
""Adı çəkilən Aşağı Nüvədi–Kənarmeşə və Haftoni–Ləj kənd yolları Agentliyin balansındadır. Həmin yollarda bir müddət öncə sel suları nəticəsində müəyyən fəsadlar yaranmış, deformasiyalar əmələ gəlmişdir. Yaxın vaxtlarda problemin aradan qaldırılması məqsədilə bu istiqamətdə təmir-bərpa işlərinin aparılması nəzərdə tutulur".
Nuranə Alisoy