Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman)
Səbinə Əliyevanın tapşırığı əsasında “Psixi sağlamlıq və insan hüquqları” sahəsində
İşçi Qrupunun fəaliyyəti və Milli Preventiv Mexanizm mandatı çərçivəsində
psixiatriya müəssisələrində insan hüquqlarının vəziyyətinin öyrənilməsi və
müvafiq maarifləndirmə tədbirlərinin keçirilməsi istiqamətində tədbirlər davam
etdirilir.
Manset.az xəbər verir ki, bu günlərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 saylı
Psixiatriya Xəstəxanasında və Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasında planlı
başçəkmələr keçirilib.
Başçəkmələr zamanı müəssisələrin bütün ərazilərinə, o cümlədən yataq
və tibbi otaqlara, gəzinti sahələrinə, yeməkxanalara və digər obyektlərə baxış
keçirilib, pasiyentlərə tibbi yardımın təşkili, onların hüquqlarının təmin
edilməsi, qidalanma və su təminatı, mövcud yaşayış şəraiti, sənədləşmə və digər
məsələlər araşdırılıb. Başçəkmələrin nəticələrinə əsasən, hər iki müəssisənin
əsaslı yenidənqurmaya və təmirə ehtiyacının olduğu müəyyən edilib, saxlanma
şəraitinin və sənədləşmə işinin təkmilləşdirilməsi istiqamətində müvafiq
tövsiyələr verilib. Həmçinin monitorinqlərin nəticələrinə əsasən Səhiyyə
Nazirliyinə müraciət edilməsi nəzərdə tutulur.
Bu fəaliyyət yalnız monitorinqlərlə məhdudlaşmayaraq, psixi sağlamlıq
və insan hüquqları sahəsində hüquqi maarifləndirmənin aparılmasını da əhatə
edir. Bu çərçivədə Ombudsmanın Qərb Regional Mərkəzi tərəfindən Gəncə şəhər
Psixiatriya Xəstəxanasının əməkdaşlarının iştirakı ilə “Psixi sağlamlıq və
insan hüquqları” mövzusunda hüquqi maarifləndirici tədbir keçirilib.
Tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov iştirakçılara İşçi
Qrupun fəaliyyəti, həmçinin Ombudsmanın Milli Preventiv Mexanizm mandatı, bu
mandat çərçivəsində psixiatriya müəssisələrində monitorinqlərin aparılması,
müəssisələrdə müalicə olunan şəxslərin hüquq və azadlıqlarının qorunması,
onlara göstərilən rəftarın insan hüquqları standartlarına uyğunluğunun
qiymətləndirilməsi barədə ətraflı məlumat verilib.
Həmçinin psixi sağlamlıq problemləri olan şəxslərin hüquqlarının,
ləyaqət və təhlükəsizliyinin təmin edilməsinin, onların ayrı-seçkiliyə məruz
qalmamasının və hüquqi təminatlara çıxışının vacibliyi vurğulanıb. Sonda tədbir
iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.