Xalqımızın çoxəsrlik dövlətçilik tarixində mühüm əhəmiyyət daşıyan və Ölkə Başçısı cənab İlham Əliyevin 19
sentyabr 2024-cü il tarixli Sərəncamı ilə qeyd edilən “20 Sentyabr” tarixi Azərbaycan Respublikasının bütün
ərazisində dövlət suverenliyinin və konstitusiya quruluşunun tam bərpa
olunmasını təcəssüm etdirən mühüm tarixi hadisədir.
Azərbaycan xalqı
müstəqilliyinin bərpasından sonra qarşıya çıxan ən mühüm vəzifələrdən biri
ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi olmuşdur. Uzun
illər davam edən işğal nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış
ərazilərində dövlət hakimiyyətinin və Konstitusiyanın hüquqi qüvvəsinin tam
tətbiqi mümkün olmamışdır. Bu vəziyyət həm ölkənin dövlətçilik maraqları, həm
də milyonlarla insanın fundamental hüquqları baxımından ciddi nəticələr
doğurmuşdur. Azərbaycan dövlətinin rəsmi sənədlərində ərazi bütövlüyünün və
suverenliyin bərpası dövlət siyasətinin əsas prioritetlərindən biri kimi təqdim
edilmişdir.
Dövlətimizin ərazi bütövlüyünün bərpası
istiqamətində mühüm mərhələ 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün
davam edən Vətən müharibəsi olmuşdur. Müharibənin nəticəsində Azərbaycanın bir
sıra şəhər, rayon və kəndləri işğaldan azad edilmiş, ölkənin ərazi bütövlüyünün
bərpası istiqamətində mühüm nəticələr əldə olunmuşdur. Belə ki, 2020-ci il hadisələri Azərbaycanın
ərazi bütövlüyünün bərpası prosesinin əsas mərhələlərindən biri idi. 2020-ci il hadisələrindən sonra
Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri Qarabağ bölgəsində dövlət
suverenliyinin və konstitusiya quruluşunun tam bərpası idi.
2023-cü il 19 sentyabr Azərbaycan
tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Həmin gün Azərbaycanın
Qarabağ iqtisadi rayonunda genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan
silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək Azərbaycan ərazilərindən
çıxarılması və Konstitusiya quruluşunun bərpası məqsədilə lokal xarakterli
antiterror əməliyyatına başlanıldı. Əməliyyat cəmi 23 saat 43 dəqiqə davam etdi
və sentyabrın 20-də başa çatdı. Nəticədə Azərbaycan Ordusu qarşısına qoyulan vəzifələri
yüksək peşəkarlıqla yerinə yetirdi və ölkəmizin dövlət suverenliyi tam bərpa
olundu.
Əməliyyatın
qısa müddətdə başa çatması Azərbaycan Ordusunun peşəkarlığını, hazırlığını və
yüksək döyüş qabiliyyətini nümayiş etdirdi. Ağır relyef və əvvəlcədən
hazırlanmış mühəndis istehkamlarına baxmayaraq, Azərbaycan Ordusu bütün istiqamətlərdə
mühüm hərbi nəticələr əldə etdi. Əməliyyat nəticəsində 406 kvadratkilometr ərazi
Azərbaycan Ordusunun nəzarətinə keçdi.
Əməliyyatın digər mühüm xüsusiyyəti isə mülki əhalinin
qorunmasına xüsusi diqqət yetirilməsi idi. Azərbaycan hərbi birləşmələrinə
Qarabağda yaşayan erməni əhalisinin zərər görməməsi ilə bağlı tapşırıqlar
verilmiş, mülki şəxslər müxtəlif vasitələrlə xəbərdar edilmişdi. Qadınlar,
uşaqlar, yaşlılar, fiziki məhdudiyyətli şəxslər və xəstələrə tibbi və digər
yardımlar göstərilməsi üçün müvafiq tədbirlər görülmüşdü.
Uğurlu
keçən əməliyyatlar nəticəsində Xocalı qatilləri və illərdir torpaqlarımızı əsarət
altında saxlayan canilər də hüquq önündə cavab verməyə məcbur qaldılar. Qondarma
rejimin üzvləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Ötən illər
ərzində toplanmış təkzibolunmaz sübutlar və faktlar əsasında Ermənistan silahlı
qüvvələri, həmçinin qanunsuz silahlı birləşmələr tərəfindən Azərbaycan xalqına
qarşı cinayətlər törətmiş terrorçu dəstənin üzvləri layiqli cəzalarını alıblar. Beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq ərazi
bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qondarma rejim yaradaraq
sülh və insanlığa qarşı cinayətlər, müharibə cinayətləri və terrorçuluq da
daxil olmaqla, ağır cinayətlərdə təqsirli bilinənləri məsuliyyətə cəlb etmək
üçün tam qanuni hüquqa malikdir.
Bu hadisədən sonra Azərbaycan Respublikasının bütün
ərazisində dövlət suverenliyinin təmin edilməsi və Konstitusiyanın hüquqi
qüvvəsinin bərqərar olması dövlətin rəsmi mövqeyində xüsusi tarixi əhəmiyyət
daşıyan nəticə kimi qiymətləndirilmişdir.
Bundan sonra Prezident cənab İlham Əliyevin 19
sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Dövlət Suverenliyi Günü təsis edilmiş
və həmin vaxtdan hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət
Suverenliyi Günü kimi qeyd edilir. Bununla da, 20 Sentyabr Azərbaycanın müasir
tarixində dövlətçilik, ərazi bütövlüyü və suverenlik anlayışlarının vəhdətini
ifadə edən rəsmi tarixlərdən birinə çevrilmişdir.
Dövlət Suverenliyi Gününün təsis edilməsi Azərbaycanın
müasir dövlətçilik tarixində mühüm hadisələrin yaddaşda qorunmasına xidmət
edir. Bu gün xalqın dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik kimi
fundamental dəyərlərə münasibətini ifadə edən əlamətdar tarixdir. Suverenliyin
bərpası Azərbaycan cəmiyyətində dövlətçilik şüurunun, milli həmrəyliyin və
tarixi yaddaşın əhəmiyyətini də ön plana çıxarmışdır. Dövlətin ərazi
bütövlüyünün təmin edilməsi ilə yanaşı, işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı
bərpa və quruculuq proseslərinin həyata keçirilməsi də yeni mərhələnin əsas
istiqamətlərindən birinə çevrilmişdir.
Ölkəmizdə Dövlət suverenliyinin və konstitusiya
dəyərlərinin əhəmiyyəti 2025-ci ildə ayrıca diqqət mərkəzinə çəkilmişdir. Dövlət
Başçısının 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci il Azərbaycanda
“Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu qərar Konstitusiyanın və
dövlət suverenliyinin Azərbaycan dövlətçiliyindəki rolunun ictimaiyyətə
çatdırılması, hüquqi maarifləndirmənin gücləndirilməsi və dövlətçilik tarixinin
öyrənilməsi baxımından əhəmiyyətli addım olmuşdur.
20 Sentyabr Azərbaycan xalqının müstəqillik və dövlətçilik tarixinin mühüm səhifələrindən biri kimi yeni nəsillərə suverenliyin, ərazi bütövlüyünün, Konstitusiyanın aliliyinin və dövlət müstəqilliyinin əhəmiyyətini anlatmaq baxımından xüsusi məna daşıyır. Bütün Respublika ərazisində bu günün qeyd olunması həmçinin Azərbaycanın müasir tarixində mühüm rol oynamış şəhidlərin xatirəsinin yad edilməsini, Vətən uğrunda xidmət göstərmiş hərbçilərin və dövlət qurumlarının fəaliyyətinin xatırlanmasını və ölkənin ərazi bütövlüyü uğrunda aparılmış mübarizənin tarixi aspektlərinin öyrənilməsini əhatə edir.
Milli
Məclisin deputatı
Pərvanə
Vəliyeva