Pakistanın ölkənin müstəsna iqtisadi zonasında Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin təhlükəli manevrlər edərək Pakistan hərbi gəmisinə çırpılması ilə əlaqədar Yeni Dehliyə etiraz notası göndərdiyi bildirilib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyi iki ölkəyə məxsus gəmilərin dünən Ərəbistan dənizində toqquşması ilə bağlı açıqlama yayıb.
Açıqlamada Hindistan Hərbi Dəniz Qüvvələrinə məxsus gəminin hərəkətləri ilə əlaqədar Hindistanın İslamabaddakı müvəqqəti işlər vəkilinin Xarici İşlər Nazirliyinə çağırıldığı və hadisənin “kəskin şəkildə etirazla qarşılandığı” bildirilib.
Qeyd olunub ki, Pakistan Hərbi Dəniz Qüvvələrinin iki ildən bir keçirilən “SEASPARK-26” təlimi zamanı Pakistanın müstəsna iqtisadi zonasında Hindistan hərbi gəmisinin Pakistan hərbi gəmisinə təhlükəli şəkildə yaxınlaşaraq aqressiv manevrlər etməsi nəticəsində iki gəmi arasında təmas baş verib.
Açıqlamada müvəqqəti işlər vəkilindən Pakistanın bu “aqressiv hərəkəti” qəti şəkildə rədd etdiyini Yeni Dehli rəhbərliyinə çatdırmasının tələb olunduğu bildirilib.
“Hindistan tərəfi beynəlxalq hüquqa, xüsusilə də, dənizdə baş verən hadisələrin qarşısının alınmasına yönəlmiş ikitərəfli sazişlərə ciddi şəkildə əməl etməyə çağırılıb”, – deyə açıqlamada qeyd olunub.