21 sentyabr 2026-cı il tarixində Lokal antiterror əməliyyatlarının üçüncü ildönümü ilə əlaqədar Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən şəhid məzarları ziyarət olunub.
Manset.az xəbər verir ki, ziyarət zamanı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası uğrunda canından keçən şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub, ruhlarına dualar oxunub.
Anım tədbirlərində Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Qəşəm Hadıyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, müdir müavini Rəhim Rəhimov, ərazi nümayəndəliklərinin və bələdiyyələrin nümayəndələri, şəhid ailələri, ziyalılar, din xadimləri, ağsaqqallar, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda 2023-cü ilin sentyabr ayında keçirilmiş Lokal antiterror əməliyyatlarının Azərbaycanın dövlət suverenliyinin və ərazi bütövlüyünün tam bərpasında mühüm tarixi əhəmiyyət daşıdığı qeyd olunub. Bildirilib ki, həmin əməliyyatlar nəticəsində Azərbaycan Respublikasının Konstitusiya quruluşu bütün ərazidə bərpa edilib.
Şəhidlərin keçdiyi şərəfli döyüş yolunun və göstərdikləri qəhrəmanlığın gələcək nəsillərə çatdırılmasının vacibliyi vurğulanıb. Şəhid ailələrinin və müharibə iştirakçılarının daim diqqətdə saxlanılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu qeyd edilib.
Anım mərasimləri şəhidlərin əziz xatirəsinə ehtiram və onların müqəddəs irsinə sədaqət ifadəsi olaraq davam etdirilib.