logo
logo logo
logo

Ankarada “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” adlı tədbir keçirildi - FOTOLAR

14:28 - 26 Sentyabr 2026

Ankarada “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” adlı tədbir keçirildi - FOTOLAR

Ankarada iki qardaş ölkənin şəhidlərinə həsr olunan tədbir keçirilib.


Manset.az xəbər verir ki, “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” adlı tədbir Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi və Ankara Universitetinin Dil və Tarix-Coğrafiya Fakültəsinin Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin birgə əməkdaşlığı ilə təşkil olunub.

Ankara Universitetinin Farabi zalında keçirilən tədbirdə 44 günlük Vətən müharibəsinə və Azərbaycanın Zəfərinə həsr olunmuş foto sərgi də təqdim edilib. Proqram şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan ilə Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Ankara Universitetinin DTCF Müasir Türk Ləhcələri və Ədəbiyyatları Bölməsinin rəhbəri professor F. Sema Barutcu Özönder, DTCF-nin dekanı professor İrfan Albayrak, Ankara Universitetinin prorektoru professor Orhan Uzun və Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov çıxış ediblər.

Çıxışlarda 27 Sentyabr – Anım Günü, 44 günlük Vətən müharibəsi, Azərbaycanın qazandığı Zəfər, eləcə də şəhidlərin qəhrəmanlığı və şücaəti barədə fikirlər səsləndirilib.

Tədbir çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun xatirəsinə həsr olunmuş “Düşmənə qarşı tək” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra SOY Production-un rəhbəri Dr. Dilarə Əliyeva və filmin prodüseri, rejissor Fariz Əliyev ekran əsərinin hazırlanma prosesi və məzmunu barədə məlumat veriblər.

Daha sonra Azərbaycan yazıçısı, tarix üzrə fəlsəfə doktoru İradə Əlilinin “Vətənin Cəsur Döyüşçüləri I-II” və “Çubuk Kahramanları, Kahraman Şehit Oğuz Özgür Çevik” kitablarının təqdimatı keçirilib.

Proqramın davamında “Eyni Hilal Altında: İki Dövlətin Şəhidlərinə Vəfa” mövzusunda panel təşkil olunub. Professor Üçler Buldukun moderatorluğu ilə keçirilən paneldə “Türklərdə şəhadət anlayışı”, “Təkəbbürlü tarix anlayışının süqutu: Qarabağ Zəfəri və Ermənistanın öz həqiqətləri ilə üzləşməsi” və “Dündən bu günə türk yaddaşında Qarabağ” mövzularında məruzələr təqdim olunub.

Tədbirdə Azərbaycan və Türkiyə şəhidlərinin əziz xatirəsi yad edilib, iki qardaş ölkənin ortaq tarixi yaddaşının, həmrəyliyinin və qardaşlıq bağlarının gələcək nəsillərə ötürülməsinin əhəmiyyəti vurğulanıb.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az