“AzerGold” QSC-nin təşkilatçılığı,
Göygöl Rayon İcra Hakimiyyəti və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi
ilə Vətən müharibəsinin 6-cı ildönümünə həsr olunan “Zəfərin izi ilə” adlı
sosial layihə çərçivəsində şəhid ailələrinin Şuşa şəhərinə səfəri təşkil
edilib.
Manset.az xəbər verir ki, səfərdə Göygöl
rayonunda qeydiyyatda olan şəhid ailələrinin üzvləri iştirak ediblər. Layihənin
əsas məqsədi şəhid ailələrinə mənəvi dəstək göstərmək, qəhrəman övladlarımızın
keçdiyi döyüş yolunu ehtiramla xatırlamaq, həmçinin Zəfər tariximizin rəmzinə
çevrilmiş Şuşanın tarixi və mədəni irsi ilə yaxından tanış etməkdir.
Səfər iştirakçıları əvvəlcə
Şuşanın ən görkəmli dini-memarlıq abidələrindən olan Yuxarı Gövhər Ağa məscidini
ziyarət ediblər. Məsciddə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz
xatirəsi yad olunub, onların ruhuna dualar oxunub.
Daha sonra qonaqlar
Şuşada həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, şəhərin zəngin
tarixi və mədəni irsi barədə məlumatlandırılıblar. Səfər çərçivəsində Cıdır
düzü, Üzeyir Hacıbəyli, Bülbül və Xurşidbanu Natəvanın güllələnmiş büstləri,
Natəvanın imarətinin qalıqları və bərpa olunmuş bulağı, İsa bulağı və digər
tarixi-mədəni məkanlar ziyarət edilib. Ekskursiya zamanı iştirakçılara Vətən
müharibəsində Şuşa uğrunda aparılan döyüşlər, qəhrəman hərbçilərimizin göstərdikləri
şücaət və Zəfərin tarixi əhəmiyyəti barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, şəhid
ailələrinə və müharibə iştirakçılarına dəstək “AzerGold” QSC-nin korporativ
sosial məsuliyyət siyasətinin prioritet istiqamətlərindən biridir. Şirkət bu
kateqoriyadan olan şəxslərin sosial rifahının yüksəldilməsi, məşğulluq
imkanlarının genişləndirilməsi məqsədilə davamlı layihələr həyata keçirir.
Hazırda “AzerGold”
QSC-də, onun törəmə cəmiyyətlərində və uzunmüddətli podratçı şirkətlərdə
ümumilikdə 334 şəhid ailəsi üzvü və müharibə iştirakçısı çalışır. Bununla
yanaşı, onlar şirkətin həyata keçirdiyi təhsil, peşə hazırlığı və sosial dəstək
layihələrinə də cəlb olunurlar.