Cəzaçəkmə müəssisələrində çalışan müəllimlərin əməkhaqlarına xüsusi əlavələr edilməli, onlar üçün sosial təminat və güzəşt mexanizmləri yaradılmalıdır.
Manset.az xəbər verir ki, bunu təhsil eksperti İlqar Orucov Modern.az-a açıqlamasında bildirib.
Ekspertin sözlərinə görə, cəzaçəkmə müəssisələrində tədrisin təşkili müəllimlərdən pedaqoji biliklərlə yanaşı, xüsusi psixoloji hazırlıq və dözümlülük tələb edir:
“Bu müəllimlər fərqli yaş qruplarına və psixoloji xüsusiyyətlərə malik insanlarla işləyirlər. Təhlükəsizlik qaydalarına riayət etmək, məhdudiyyətlər daxilində dərs təşkil etmək və əlavə psixoloji gərginliyin öhdəsindən gəlmək onların gündəlik fəaliyyətinin bir hissəsidir. Maddi və sosial təminat müəyyənləşdirilərkən bu iş şəraiti nəzərə alınmalıdır”.
İlqar Orucov hesab edir ki, əmək şəraitinin çətinliyinə uyğun maaş əlavəsinin tətbiqi həmin müəssisələrə təcrübəli müəllimlərin cəlb olunmasına və kadrların işdə qalmasına kömək edə bilər.
Onun fikrincə, bu mexanizm qanunvericilikdə aydın şəkildə təsbit edilməli, əlavənin məbləği və verilmə şərtləri müəyyənləşdirilməlidir.
Ekspert əməkhaqqı artımı ilə yanaşı, güzəştli staj və erkən pensiya imkanlarının da nəzərdən keçirilməsini təklif edib:
“Cəzaçəkmə müəssisəsində işlənən müddətin staj hesablanarkən güzəştli qaydada nəzərə alınması mümkündür. Məsələn, bir iş ilinin bir il yarım və ya iki il kimi hesablanması, buna uyğun olaraq daha erkən pensiyaya çıxmaq imkanının yaradılması müzakirə oluna bilər”.
İ.Orucov bu müəllimlərin psixoloji dəstək və sağlamlığın bərpası proqramları ilə təmin edilməsini də vacib sayıb:
“İldə bir dəfə dövlət hesabına psixoloji reabilitasiya və sanatoriya-kurort müalicəsi imkanının yaradılması peşə yorğunluğunun azaldılmasına kömək edər. Sertifikatlaşdırma və fəaliyyətin qiymətləndirilməsi zamanı da onların çalışdıqları mühitin xüsusiyyətləri nəzərə alınmalıdır”.
Ekspert əlavə edib ki, müəllimlərin iş şəraitinin yaxşılaşdırılması cəzaçəkmə müəssisələrində təhsilin keyfiyyətinə, məhkumların reabilitasiyasına və cəmiyyətə yenidən inteqrasiyasına töhfə verə bilər.