Azərbaycanda məhkəmə və hüquq-mühafizə sistemində islahatlar aparılıb.
Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli iclasında bildirib.
O bildirib ki, ölkədə ən yaxşı beynəlxalq təcrübəyə uyğun olaraq, ixtisaslaşmış antikorrupsiya qurumları yaradılıb:
"Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya milli antikorrupsiya siyasətini müəyyən edən qurumdur. Komissiya fəaliyyət planlarını və strategiyaları hazırlayır, həmçinin onların icrasına nəzarət edir. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi prokurorluq orqanlarının strukturunda fəaliyyət göstərən ixtisaslaşmış hüquq-mühafizə qurumudur. İdarə korrupsiya cinayətləri üzrə ibtidai istintaq aparır və əməliyyat-axtarış tədbirlərini həyata keçirmək səlahiyyətinə malikdir".
Kamran Əliyevin sözlərinə görə, Azərbaycan yalnız cəza tədbirlərinə deyil, həm də korrupsiyanın qarşısının alınmasına xüsusi diqqət yetirir:
"Bu baxımdan dövlət xidmətlərini şəffaf şəkildə, "bir pəncərə" prinsipi əsasında, vahid və əlaqələndirilmiş qaydada təqdim edən "ASAN xidmət" mərkəzləri dövlət idarəçiliyi sektorunda şəffaflığın təmin olunmasına əhəmiyyətli töhfə verib".