logo
logo logo
logo

Məmurların ianə almasına hansı hallarda icazə veriləcək?

14:45 - 28 Oktyabr 2026

Məmurların ianə almasına hansı hallarda icazə veriləcək?

Vəzifəli şəxs üçün İanə alma ilə əlaqədar məhdudiyyətlər müəyyənləşir.


Manset.az xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" Qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, vəzifəli şəxs tərəfindən istənilən fiziki və hüquqi şəxslərdən qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar qurum üçün ianənin istənilməsinə, tələb edilməsinə və alınmasına yol verilmir. Bu tələb əsas fəaliyyət istiqaməti müvafiq sahədə maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi olan qurumların məhz həmin məqsədlər üçün ianə almasına şamil olunmur.

Qurumun səlahiyyətlərinin icrası ilə əlaqədar qurum üçün fiziki və hüquqi şəxslərdən bu Qanunun 11.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla ianə qəbul edilə bilər. İanə qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsinin (şəxsinin) rəyi əsasında yalnız qurumun rəhbərinin yazılı razılığı ilə qəbul olunur.

İanə edilməsi barədə müraciətə qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) tərəfindən 20 iş günü müddətində baxılır. Qurumun maraqlar toqquşması məsələlərinin idarə edilməsi üzrə səlahiyyətli struktur bölməsi (şəxsi) ianənin qurumun səlahiyyətlərinin qərəzsiz və obyektiv icrasına təsir göstərməsini, təsir göstərə bilmə imkanını və ya təsir göstərməsi təəssüratını yoxlayır və ianənin qəbul edilib-edilməməsi barədə qurumun rəhbərinə yazılı rəyini təqdim edir. İanənin edilməsi barədə müraciətə baxılarkən ianə edən subyektdən əlavə sənədlər və məlumatlar alına bilər.

Qurumun ianə ediləcək fəaliyyət sahələri üzrə işçisi qurumla ianə edən şəxs arasında münasibətlərin qurulması və davam etdirilməsində, o cümlədən ianə ilə bağlı danışıq və müzakirələrdə iştirak etmir.

İanə hesabına qurumun işçilərinə məvacib, mükafat, yaxud hər hansı digər formada ödəniş və ya hədiyyə verilə bilməz.

İanə müqabilində ianə verən şəxsə və ya hər hansı digər şəxsə birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz və ya güzəşt verilə bilməz, belə təkliflə çıxış edilə və ya belə vəd verilə bilməz.

İanə verən şəxs ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.

Vəzifəli şəxslər üçüncü şəxslərin xeyrinə ianə istəyə, tələb edə və ya ala bilməzlər.

Qurum hər il yanvarın 15-dək əvvəlki il üzrə qəbul edilmiş ianənin məbləği və ianə verən subyektlər barədə ictimaiyyətə məlumat verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az