- 28 oktyabr tarixində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi İsmail Ould Şeyx Əhməd ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycan hökumətinin ayırdığı təqaüdlə Bakıda təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri ilə görüş keçirib.
- Manset.az xəbər verir ki, Qoşulmama Hərəkatı Gənclər Təşkilatında (QHGT) baş tutan tədbirdə əvvəlcə QHGT-nin Mənzil Qərargahı ilə tanışlıq keçirilib və daha sonra ölkəmizdə təhsil alan İƏT-ə üzv dövlətlərin gəncləri barədə təqdimat nümayiş olunub.
Görüş çərçivəsində təqaüd proqramlarının tələbələrini
əhatə edən “İƏT Tələbələr Assosiasiyası – Azərbaycan” təşkilatı tərəfindən İƏT
Baş katibinə Azərbaycan hökumətinin İƏT-ə üzv ölkələrin tələbələri üçün təqdim
etdiyi təqaüd proqramları haqda məlumat verilib. 2017-2022-ci illər üzrə 41 İƏT
ölkəsindən 126 tələbəyə, 2024-2026-cı illər üzrə isə 39 İƏT ölkəsindən 219
tələbəyə Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq imkanı verildiyi
qeyd olunub. Ümumlikdə, 46 İƏT ölkəsindən 350-yə yaxın gəncin Azərbaycanın
təqdim etdiyi təqaüdlərdən faydalandığı vurğulanıb.
Bununla yanaşı, İƏT Gənclər Forumunun Bakıda yerləşən
Avrasiya üzrə Regional Mərkəzi (ICYF-ERC) tərəfindən Mərkəzin fəaliyyəti və İƏT
ölkələrindən olan tələbələrlə bağlı həyata keçirdiyi fəaliyyətlər barədə
təqdimat edilib.
Baş katib İsmail Ould Şeyx Əhməd çıxışında İƏT-in
gələcək hədəfləri və perspektivləri, habelə təşkilatın yeni rəhbəri kimi qarşıya
qoyduğu məqsədlər və gənclərin bu prosesdəki rolu barədə mühüm məqamlara
toxunub. O, İƏT gənclərinə göstərilən xüsusi qayğı və diqqətə, həmçinin təhsil
üçün təqaüdlərin ayrılmasına görə Azərbaycan hökumətinə dərin təşəkkürünü
bildirib.
İƏT gəncləri arasında əlaqələrin gücləndirilməsi və
onların xalqlararası bağların inkişaf etdirilməsi sahəsində fəallığının təşviqi
məqsədilə təşkil olunan görüş “İslam dünyasında həmrəyliyin gücləndirilməsində
gənclərin mədəni diplomatiya səfirləri kimi rolu” mövzusunda interaktiv
sual-cavab sessiyası ilə davam edib. Sessiyada gənclərin mədəniyyətlərarası
dialoqun inkişafında və xalqlar arasında qarşılıqlı anlaşmanın
möhkəmləndirilməsindəki rolu ətrafında müzakirələr aparılıb.
- Tədbir ICYF-ERC-nin İdarə Heyətinin sədri Elçin Əsgərovun bağlanış nitqi və xatirə fotosunun çəkilişi ilə başa çatıb.