Azərbaycanda jurnalistlərin peşə fəaliyyətini həyata keçirərkən təhlükəsizliyinin təmin edilməsi və onlara qarşı zorakılıq hallarının qarşısının alınması diqqət mərkəzində olmalıdır. 225 nömrəli məktəbdə jurnalistlərə qarşı baş verən hücum cəmiyyətdə etirazla qarşılanıb.
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Azxəbər.com-un baş redaktoru Hacıbəy Heydərli Manset.az-a açıqlamasında hadisəni pisləyərək, təqsirli şəxslərin qanun qarşısında cavab verməli olduğunu bildirib.

“Çox təəssüf ki, belə bir hadisə baş verib. Peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı törədilən hücum Azərbaycan Mətbuat Şurası tərəfindən də rəsmi açıqlama ilə pislənilib. Eyni zamanda, Azərbaycan jurnalistləri və cəmiyyəti dünəndən etibarən bu hadisəyə öz münasibətini bildirir.
Belə halların qarşısının alınması baxımından günahkarların ən sərt şəkildə cəzalandırılması çox vacibdir. Bütövlükdə cəmiyyətə mesaj verilməlidir ki, peşə fəaliyyətini yerinə yetirən jurnalistlərə qarşı zorakılıq heç bir halda qəbul edilə bilməz.
Biz bundan əvvəl də belə halların şahidi olmuşuq. Sevindirici haldır ki, hüquq-mühafizə orqanları məsələyə operativ və obyektiv yanaşır, günahkarlar məsuliyyətə cəlb olunurlar. Bununla yanaşı, cəmiyyətimiz də bu məsələdə birmənalı mövqe ortaya qoymalıdır.
Jurnalistin hər hansı mövzuda səhvi və ya yanlışlığı olsa belə, bu, ona qarşı zorakılığa, kobud davranışa, təhdidə, təhqirə və ya fiziki hücuma haqq qazandırmır. Belə hallar bütövlükdə qəbuledilməzdir və biz bunu kəskin şəkildə qınayırıq”, – Hacıbəy Heydərli vurğulayıb.
Fidan Vəlisoy