8
Noyabr Azərbaycan xalqının milli yaddaşına əbədi həkk olunmuş, dövlətçilik
tariximizin ən şanlı səhifələrindən birini təşkil edən möhtəşəm Qələbə günüdür.
Bu tarix xalqımızın uzun illər ərzində qəlbində yaşatdığı Vətən həsrətinin sona
çatmasının, tarixi ədalətin bərpasının, milli iradənin və dövlətimizin
qüdrətinin təntənəsidir. Zəfər Günü Azərbaycan xalqının birliyini, Vətənə
bağlılığını, müstəqil dövlətçilik əzmini və öz tarixi torpaqlarına sahib çıxmaq
qətiyyətini nümayiş etdirir. Bu möhtəşəm Qələbə müasir Azərbaycan tarixinin
inkişaf istiqamətini müəyyənləşdirən, xalqımızın milli qürurunu və özünəinamını
daha da yüksəldən tarixi hadisədir.
Azərbaycanın
8 Noyabr Zəfərinə gedən yolu mürəkkəb tarixi və siyasi proseslərlə müşayiət
olunmuşdur. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən ölkəmiz
Ermənistanın hərbi təcavüzü, torpaqlarımızın işğalı, yüz minlərlə soydaşımızın
doğma yurdlarından didərgin düşməsi və ağır humanitar faciələrlə üzləşmişdi.
Lakin Azərbaycan xalqı bütün çətinliklərə baxmayaraq, öz tarixi torpaqlarına
qayıdacağına və ərazi bütövlüyünü bərpa edəcəyinə inamını itirmədi.
1993-cü
ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə
qayıdışı Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu.
Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, iqtisadi tənəzzül və cəbhədəki
ağır vəziyyət dövlət müstəqilliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Ulu
Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində siyasi sabitliyin təmin
edilməsi, dövlət institutlarının möhkəmləndirilməsi, milli ordunun
formalaşdırılması və iqtisadi inkişafın təməllərinin yaradılması istiqamətində
mühüm addımlar atıldı. 1994-cü ildə imzalanmış Əsrin müqaviləsi Azərbaycanın
iqtisadi müstəqilliyinin gücləndirilməsinə, beynəlxalq əlaqələrinin
genişlənməsinə və müdafiə potensialının artırılmasına mühüm töhfə verdi.
Ulu
Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası Prezident,
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasir dövrün
tələblərinə uyğun şəkildə davam etdirildi. Dövlət başçısının rəhbərliyi ilə
Azərbaycan iqtisadi inkişafını sürətləndirdi, beynəlxalq mövqelərini
gücləndirdi, müasir hərbi texnologiyalara əsaslanan ordu quruculuğunu prioritet
istiqamətə çevirdi. Müdafiə sənayesinin inkişafı, Silahlı Qüvvələrin
maddi-texniki bazasının möhkəmləndirilməsi və hərbi qulluqçuların peşəkarlığının
artırılması ardıcıl dövlət siyasətinin mühüm istiqamətləri oldu. Beləliklə,
Azərbaycanın gələcək tarixi Qələbəsi üçün zəruri olan siyasi, iqtisadi və hərbi
potensial formalaşdırıldı.
2020-ci
il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi
təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı
xalqımızın qəhrəmanlıq tarixində yeni səhifə açdı. 44 gün davam edən Vətən
müharibəsi Azərbaycan Ordusunun gücünü, əsgər və zabitlərimizin döyüş əzmini,
xalqımızın milli həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Prezident İlham
Əliyevin qətiyyətli rəhbərliyi, xalqın dövlət başçısının ətrafında sıx
birləşməsi və Ordumuzun döyüş meydanındakı qəhrəmanlığı Qələbənin əsas
təminatına çevrildi.
Müharibənin
ən mühüm hadisələrindən biri 2020-ci il noyabrın 8-də Şuşa şəhərinin işğaldan
azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin və dövlətçilik
tarixinin rəmzlərindən biri olan Şuşanın azadlığı müharibənin gedişində
həlledici dönüş yaratdı. Çətin relyef və mürəkkəb döyüş şəraitində Azərbaycan
əsgərinin göstərdiyi misilsiz qəhrəmanlıq hərb tariximizə qızıl hərflərlə
yazıldı.
Həmin
gün Prezident İlham Əliyevin Azərbaycan xalqına müraciətində səsləndirdiyi
“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” sözləri xalqımızın
onilliklər boyu gözlədiyi tarixi müjdəyə çevrildi. Şuşanın azad edilməsi
Azərbaycanın hərbi üstünlüyünü və Qələbəyə gedən yolun dönməzliyini təsdiqlədi.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı,
Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarmağa
razılaşdı. Bununla da 44 günlük Vətən müharibəsinin hərbi-siyasi nəticələri
rəsmiləşdirildi.
Prezident
İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə noyabrın 8-i Zəfər
Günü elan edildi. Bu qərar xalqımızın tarixi Qələbəsinin əbədiləşdirilməsi,
şəhidlərimizin xatirəsinin uca tutulması və milli qəhrəmanlıq salnaməsinin
gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Lakin
44 günlük müharibədə əldə edilmiş Qələbə Azərbaycanın qarşısında duran bütün
tarixi vəzifələrin başa çatması demək deyildi. Ölkənin ərazi bütövlüyünün
bərpası ilə yanaşı, dövlət suverenliyinin bütün ərazilərdə təmin olunması da
vacib idi. 2023-cü il sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata
keçirilən lokal xarakterli antiterror tədbirləri sentyabrın 20-də qarşıya
qoyulmuş vəzifələrin yerinə yetirilməsi ilə başa çatdı. Bununla Azərbaycan öz
konstitusiya quruluşunu bütün ölkə ərazisində bərpa etdi, separatizmə son qoydu
və dövlət suverenliyini tam təmin etdi.
Prezident
İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə sentyabrın 20-si
Dövlət Suverenliyi Günü elan edildi. Bu qərar 44 günlük Vətən müharibəsində
qazanılmış Zəfərin məntiqi davamını və Azərbaycan dövlətçiliyinin yeni
mərhələsini ifadə edir. Beləliklə, 8 Noyabr hərbi Qələbənin, 20 Sentyabr isə
dövlət suverenliyinin bütün ərazilərimizdə bərpasının rəmzinə çevrildi.
Qələbədən
sonra Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri Qarabağ və Şərqi
Zəngəzurun yenidən qurulması, dağıdılmış şəhər və kəndlərdə həyatın bərpası,
müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma
yurdlarına qayıdışının təmin edilməsidir. Böyük Qayıdış proqramı çərçivəsində
həyata keçirilən layihələr qalib dövlətin quruculuq əzmini və iqtisadi
imkanlarını nümayiş etdirir. Füzuli, Zəngilan, Laçın, Cəbrayıl, Ağdam, Kəlbəcər
və digər rayonlarda aparılan tikinti və abadlıq işləri bölgənin sosial-iqtisadi
inkişafına yeni imkanlar yaradır.
Bu
genişmiqyaslı bərpa-quruculuq prosesində Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun fəaliyyəti xüsusi əhəmiyyət daşıyır. Mehriban xanım Əliyevanın
təşəbbüsü və rəhbərliyi ilə Fond işğaldan azad edilmiş ərazilərdə Azərbaycanın
tarixi-mədəni irsinin qorunması, dini abidələrin bərpası və milli-mənəvi
dəyərlərimizin yaşadılması istiqamətində mühüm layihələr həyata keçirir. Fondun
bu fəaliyyəti Qarabağın tarixi simasının bərpasına, xalqımızın əsrlər boyu
yaratdığı mədəni irsin qorunmasına və beynəlxalq ictimaiyyətə təqdim olunmasına
xidmət edir. Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən bu
layihələr dövlətin quruculuq siyasətini mənəvi və mədəni məzmunla
zənginləşdirir. Bu fəaliyyətin əsas məqsədi Qarabağın yalnız fiziki deyil, həm
də tarixi-mədəni baxımdan dirçəldilməsidir.
Bütün
bu işlər sübut edir ki, Zəfərdən sonrakı mərhələdə Azərbaycanın əsas hədəfi
azad edilmiş əraziləri ölkənin ən müasir və inkişaf etmiş bölgələrindən birinə
çevirməkdir. Doğma yurdlarına qayıdan ailələrin təhlükəsiz və layiqli yaşayış
şəraiti ilə təmin olunması, yeni iş yerlərinin yaradılması, təhsil və səhiyyə
infrastrukturunun qurulması dövlət siyasətinin prioritet istiqamətləridir.
Azərbaycanın
hərbi Qələbədən sonra diplomatik müstəvidə nümayiş etdirdiyi ardıcıllıq da
xüsusi qeyd edilməlidir. Ölkəmiz regionda davamlı sülhün təmin olunması,
Ermənistanla münasibətlərin normallaşdırılması və dövlətlərin suverenliyinə,
ərazi bütövlüyünə hörmət əsasında yeni əməkdaşlıq mühitinin formalaşdırılması
istiqamətində prinsipial mövqe nümayiş etdirmişdir.
2025-ci
il avqustun 8-də Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın
iştirakı ilə keçirilmiş görüş bu baxımdan mühüm siyasi hadisə oldu. Görüşün
nəticəsində Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası
münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətni xarici
işlər nazirləri tərəfindən paraflandı. İmzalanmış Birgə Bəyannamədə sülh
sazişinin imzalanması və ratifikasiyası istiqamətində növbəti addımlar, ATƏT-in
Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması, regional
nəqliyyat-kommunikasiya əlaqələrinin inkişafı məsələləri əksini tapdı.
Vaşinqtonda
əldə olunan razılaşmalar Azərbaycanın müharibədən sonrakı diplomatik
strategiyasının mühüm nəticələrindən biri kimi qiymətləndirilməlidir. Çünki
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra regionda
uzunmüddətli sülhün və əməkdaşlığın təmin olunması üçün siyasi iradə nümayiş
etdirmişdir. Naxçıvanla maneəsiz bağlantının təmin edilməsi və
nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsi məsələləri də ölkəmizin
strateji maraqları baxımından mühüm əhəmiyyət daşıyır. Beləliklə, hərbi
müstəvidə qazanılmış Zəfər diplomatik müstəvidə yeni imkanların yaranmasına
zəmin yaratmışdır.
Bu
tarixi proseslərin siyasi mahiyyətinin qiymətləndirilməsi baxımından Yeni
Azərbaycan Partiyasının VIII Qurultayında Prezident, Partiyanın Sədri cənab
İlham Əliyevin nitqi xüsusi əhəmiyyət daşıyır. 2026-cı il oktyabrın 2-də
keçirilən Qurultay Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa
etdiyi yeni siyasi reallıqlar şəraitində baş tutdu. Dövlət başçısı çıxışında
ölkəmizin keçdiyi inkişaf yolunu təhlil edərək əldə edilmiş tarixi
nailiyyətləri və qarşıda duran strateji vəzifələri diqqətə çatdırdı.
Prezident
İlham Əliyev qurultaydakı nitqində 8 Noyabrın və 20 Sentyabrın Azərbaycan
xalqının əbədi bayramları olduğunu vurğuladı. Bu fikirlər həmin tarixlərin
dövlətçilik baxımından vahid məna daşıdığını təsdiqləyir. 44 günlük Vətən
müharibəsində qazanılmış Qələbə və 2023-cü ilin sentyabrında suverenliyin tam
bərpası Azərbaycan tarixində yeni mərhələnin əsasını qoymuşdur. Dövlət
başçısının çıxışında Azərbaycanın öz gücünə arxalanaraq tarixi məqsədlərinə
nail olması, müstəqil siyasət yürütməsi və milli maraqlarını qətiyyətlə müdafiə
etməsi xüsusi diqqət çəkirdi.
VIII
Qurultayda Ulu Öndər Heydər Əliyevin siyasi irsinin və müəyyən etdiyi
dövlətçilik kursunun əhəmiyyəti də ön plana çəkildi. Prezident İlham Əliyev
müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və milli
imkanlardan səmərəli istifadəni Azərbaycanın inkişaf strategiyasının əsas
istiqamətləri kimi təqdim etdi. Bu prinsiplər 2020-ci ildə əldə edilmiş
Qələbənin siyasi və iqtisadi əsaslarını izah etməklə yanaşı, gələcək
inkişafımızın da istiqamətini müəyyənləşdirir.
Dövlət
başçısının nitqində hərbi qüdrətin qorunması və müdafiə potensialının daha da
gücləndirilməsi məsələsi xüsusi yer tuturdu. Azərbaycanın ərazi bütövlüyünü və
suverenliyini bərpa etməsi təhlükəsizlik məsələlərinin aktuallığını aradan
qaldırmır. Müasir dünyada baş verən geosiyasi dəyişikliklər və yeni təhdidlər
hər bir dövlətin öz müdafiə qabiliyyətini daim inkişaf etdirməsini tələb edir.
Bu baxımdan güclü ordu, müasir müdafiə sənayesi və yüksək texnoloji imkanlar
Azərbaycanın milli təhlükəsizliyinin əsas təminatlarıdır.
VIII
Qurultayda diqqət çəkən digər mühüm məsələlərdən biri ideoloji təhlükəsizlik
idi. Prezident İlham Əliyev müasir informasiya texnologiyalarının, internetin
və süni intellektin yaratdığı yeni çağırışlar fonunda milli-mənəvi dəyərlərin
qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin və tarixi
həqiqətlərin düzgün təbliğinin əhəmiyyətini vurğuladı. Vətən müharibəsi
dövründə informasiya cəbhəsində aparılan mübarizə göstərdi ki, dövlətin
beynəlxalq mövqeyinin müdafiəsində informasiya üstünlüyü də mühüm rol oynayır.
Zəfər
tariximizin mənəvi əsaslarından danışarkən şəhidlərimizin qəhrəmanlığını xüsusi
ehtiramla yad etmək hər birimizin borcudur. Azərbaycanın ərazi bütövlüyü və
suverenliyi uğrunda canlarından keçən Vətən övladlarının fədakarlığı xalqımızın
yaddaşında əbədi yaşayacaq. Qazilərimizin şücaəti, döyüşçülərimizin
qəhrəmanlığı və şəhid ailələrinin göstərdiyi dözüm Zəfərin mənəvi gücünü təşkil
edir. Onların xatirəsini yaşatmaq, ailələrinə və müharibə iştirakçılarına qayğı
göstərmək dövlətin və cəmiyyətin qarşısında duran mühüm vəzifədir.
Zəfər
tarixinin gələcək nəsillərə çatdırılması da xüsusi əhəmiyyət daşıyır. Gənclər
44 günlük Vətən müharibəsinin səbəblərini, gedişini və tarixi nəticələrini
dərindən bilməli, dövlətimizin bu Qələbəyə hansı siyasi, iqtisadi və hərbi
hazırlıq mərhələlərindən keçərək nail olduğunu öyrənməlidirlər. Təhsil
müəssisələrinin, ictimai təşkilatların və siyasi partiyaların bu istiqamətdə
maarifləndirici fəaliyyəti milli yaddaşın qorunmasına və vətənpərvərlik ruhunun
gücləndirilməsinə xidmət edir.
Bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş, regionda yeni siyasi reallıqlar yaratmış, beynəlxalq mövqelərini gücləndirmiş və gələcəyə inamla addımlayan dövlətdir. Ölkəmizin əldə etdiyi nailiyyətlərin əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan Ordusunun qüdrəti və xalqımızın sarsılmaz birliyi dayanır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun Qarabağda həyata keçirdiyi bərpa və mədəni irsin qorunması layihələri isə Zəfərin quruculuq və dirçəliş mərhələsinə mühüm töhfə verir.
Zahid Cəfərov
Hüquq elmləri doktoru, professor, YAP Yasamal rayon “Z.Xəlilov küç. 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon icmasının sədri