Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
nümayəndə heyəti Türkmənistanda səfərdədir.
Manset.az xəbər verir ki, səfər çərçivəsində Türkmənistan Milli Həmkarlar
İttifaqları Mərkəzində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə Azərbaycan və Türkmənistan arasında tarixən
formalaşmış dostluq münasibətləri və dövlət başçılarının siyasi iradəsi sayəsində
inkişaf edən əlaqələrin əhəmiyyəti vurğulanıb.
Türkmənistan Milli Həmkarlar İttifaqları Mərkəzinin
sədri Oğulcənnət Berdiliyeva ölkəsində əmək hüquqlarının qorunması, işçilərin sosial
müdafiəsinin gücləndirilməsi və həmkarlar ittifaqı üzvlərinə dəstək mexanizmlərinin
təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verib. Mərkəzin sədri
rəhbərlik etdiyi təşkilatın Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin
genişləndirilməsində və qarşılıqlı təcrübə mübadiləsində maraqlı olduğunu qeyd
edib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının
sədri Sahib Məmmədov ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyəti, əmək
hüquqlarının müdafiəsi, rəqəmsallaşma prosesi və innovativ təşəbbüslər, eləcə də
üzvlərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi və əlçatanlığının
artırılması istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.
Konfederasiya sədri çıxışında reallaşdırılan sosial
layihələr, üzvlərə göstərilən hüquqi yardım, həmçinin yollayış sisteminin rəqəmsal
transformasiyası və sanatoriya-kurort xidmətlərinin modernləşdirilməsi sahəsindəki
yenilikləri diqqətə çatdırıb.
Tərəflər 2026-cı ilin mayında Bakıda imzalanmış Əməkdaşlıq
Memorandumundan irəli gələn vəzifələrin icra vəziyyəti, əlaqələrin genişləndirilməsi,
birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, eləcə də qarşılıqlı
maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıblar.
Azərbaycan nümayəndə heyəti həmçinin Türkmənistan
Milli Həmkarlar İttifaqları Mərkəzinin fəaliyyəti ilə tanış olub.