Azercell və IRIA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin (AKM) birgə təşkilatçılığı ilə kibertəhlükəsizlik sahəsində yeni istedadların aşkar edilməsi və inkişafının dəstəklənməsi məqsədilə “FireWall 2026” hakatonuna start verilir.
Təşəbbüs gənc mütəxəssisləri,
proqramçıları və texnologiya həvəskarlarını real kibertəhlükəsizlik problemlərinin
həlli ətrafında bir araya gətirəcək. Hakaton “Azərbaycan Respublikasının
informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün
Strategiyası”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı çərçivəsində gənclərin
praktiki bacarıqlarının inkişafını və ölkədə peşəkar kibertəhlükəsizlik
icmasının genişləndirilməsini hədəfləyir.
Hakaton 5–6 dekabr 2026-cı il tarixlərində Azərbaycan
Kibertəhlükəsizlik Mərkəzində keçiriləcək. Yarışda 18 və daha yuxarı yaşda olan
Azərbaycan Respublikası vətəndaşları iştirak edə bilərlər. Seçim mərhələsinin nəticələrinə
əsasən hər biri maksimum 5 nəfərədək iştirakçıdan ibarət 10 komanda hakatonda
iştirak hüququ qazanacaq. Komandalar kibertəhlükəsizlik, rəqəmsal məlumatların
qorunması, risklərin idarə edilməsi və süni intellekt sistemlərinin təhlükəsizliyi
ilə bağlı real problemlər üzərində işləyəcəklər. İştirakçılar 24 saat ərzində həllərinin
ilkin işlək versiyalarını hazırlamalıdırlar. Məqsəd konkret problemlərin həllinə
xidmət edən yeni məhsulların yaradılmasını və mövcud texnoloji həllərin təkmilləşdirilməsini
təşviq etməkdir.
Yarışın nəticəsinə əsasən qalib komandalar müvafiq
olaraq 4000 AZN (I yer), 3000 AZN (II yer) və 2000 AZN (III yer) məbləğində pul
mükafatı ilə təltif olunacaqlar.
Kibertəhlükəsizlik sahəsində biliklərini təcrübədə
tətbiq etmək, komanda ilə innovativ həll hazırlamaq və öz ideyasını işlək məhsula
çevirmək istəyən hər kəsi “FireWall 2026” hakatonunda iştirak etməyə dəvət
edirik. Qeydiyyat 12-30 noyabr 2026-cı il tarixlərində davam edəcək.
İştirak və qeydiyyatla bağlı ətraflı məlumat: “FireWall
2026”