Astara, Bərdə, Ucar, Cəlilabad və Quba rayonlarında ağackəsmə faktları ilə bağlı cinayət işi başlanıb.
Baş Prokurorluqdan Manset.az-a bildirilib ki, Astaranın Şuvi, Bərdənin Alaçadırlı, Ucarın Boyat bələdiyyələrinin ərazilərində, Cəlilabadın Uzuntəpə kəndində meşə fonduna daxil olmayan, həmçinin Quba-Tüləkəran avtomobil yolunun Təkərşıxı kəndi ərazisindən keçən hissəsində və Tüləkəran-Yenikənd avtomobil yolunda telekommunikasiya xətlərinin çəkilməsi ilə əlaqədar şəxs tərəfindən qulluq mövqeyindən istifadə edilməklə meşə fonduna daxil olan, ümumilikdə 412 ağac və kolun kəsilməsi nəticəsində təbiətə 145 min manatdan çox maddi ziyan dəyib.
Faktlara görə Cinayət Məcəlləsinin 259.1 (qanunsuz ağac kəsmə) 259.2.3 və 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla, habelə qulluq mövqeyindən istifadə etməklə ağac kəsmə) maddələri ilə cinayət işləri başlanaraq daxili işlər orqanlarına göndərilib.