Azərbaycan Respublikası Milli Məclisinin deputatı Emin Hacıyev sentyabr ayının 7-də Sumqayıt Dəmiryolu Stansiyasının işi ilə tanış olub.
Manset.az xəbər verir ki, dəmiryol stansiyasının müdiri qatarların hərəkət qrafiki, stansiya işçilərinin xidməti fəaliyyəti barədə məlumat verib və stansiyanın yeni dərs ilinə hazır olması nəzərdən keçirilib. Binada sərnişinlərin rahat istifadəsi üçün gözləmə zalı, bilet kassaları, məlumat bürosu, server otağı və əşyaların saxlanması kameraları yerləşir.
Deputat yeni tədris ili əlaqədar hərəkət sıxlığının qarşısının alınması və sərnişinlərin məmnuniyyətinin təmin edilməsi məqsədilə əlavə reyslərin təyin olunmasını yüksək qiymətləndirib. Sumqayıt şəhərinin nəqliyyat problemi ilə bağlı Milli Məclisdə bir sıra təkliflər irəli sürən Emin Hacıyev qeyd edib ki, əlavə reyslərin təyin olunması xüsusilə tələbələr üçün faydalı olacaq. Belə ki, hərəkət cədvəlinin optimallaşdırılması gün ərzində daha çox sərnişin daşınmasını təmin etməklə yanaşı sərnişinlərin mənzil başına vaxtında çatdırılmasına və eyni zamanda yollarda yaranabiləcək nəqliyyat sıxlığının qarşısının alınmasına da xidmət edəcəkdir.
Deputatın sözlərinə görə Sumqayıt və Bakı şəhəri arasında vətəndaşların gündəlik miqrasiyası üçün ictimai nəqliyyatın imkanlarını genişləndirmək lazımdır. Şəxsi nəqliyyatın istifadəsinin destimullaşdırılması üçün ictimai nəqliyyat vasitələri həm keyfiyyət, həm də qrafik baxımından tələb olunan standartlara cavab verməlidir. Bu isə öz növbəsində həm ekoloji, həm nəqliyyatların sıxlığı ilə bağlı yaranan problemləri aradan qaldıracaqdır.