"Zəfər seçkisi möhtəşəm uğurlarımızın davamı olacaq" - Zahid Cəfərov

14:04 - 05 Fevral 2024

\"Zəfər seçkisi möhtəşəm uğurlarımızın davamı olacaq\" - Zahid Cəfərov

Öz uğurlu fəaliyyəti ilə xalqının və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu istiqamətdən baxdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev dünya səviyyəli dövlət rəhbəridir. Xalqı ona görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 20 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxkonfessiyalı Azərbaycanın milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Zamanımızın dühası ulu öndər Heydər Əliyevdən “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” dəyərli qiymətini alan Prezident cənab İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 20 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. 15 oktyabr 2003-cü il müasir Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifələrindən biri kimi yaddaşlara yazılıb. Həmin gün ölkədə Prezident postuna azad, ədalətli və şəffaf şəkildə keçirilən seçkilərdə cənab İlham Əliyev seçicilərin 2 milyon 438 min 787 nəfərinin etimadını qazanaraq Azərbaycanın dövlət başçısı seçildi. 76 faizdən çox seçici cənab İlham Əliyevə səs verməklə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu dəstəklədi. Xalqımız sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirməklə yanaşı ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Prezident İlham Əliyev ona səs verən insanların bütün ümidlərini doğrultdu. Buna şahidlik edən xalq da Prezidentə inanaraq qətiyyətli dəstək verib, ətrafında sıx birləşərək onun gücünü və əzəmətini qat-qat artırdı.

Prezident İlham Əliyev öz fəaliyyəti ilə Azərbaycanın təkcə sürətli inkişafını təmin etmədi. Onun ideyaları, əməli fəaliyyəti, qlobal miqyaslı təşəbbüsləri həm də bəşəriyyətin inkişafına vacib töhfələr verdi. Prezident İlham Əliyevin rəhbərlik etdiyi qüdrətli Azərbaycan beynəlxalq əməkdaşlığın inkişafında, dünya miqyasında təhlükəsizliyin təmin olunmasında çox əhəmiyyətli rol oynayır. Xüsusi vurğulamaq gərəkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət ölkəmizin müasirləşməsini, respublikamızın simasının əsaslı dərəcədə dəyişməsini, dünya birliyinin layiqli üzvünə çevrilməsini təmin edib. Bu gün Azərbaycanın müxtəlif sahələrdə təcrübəsi hətta inkişaf etmiş ölkələr üçün nümunə göstərilir. Genişmiqyaslı islahatların aparılması, idarəetmənin səmərəliliyinin artırılması və digər mühüm addımlar Azərbaycanın uzunmüddətli inkişafını təmin edir. Beləcə, Azərbaycan ötən 20 il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük inkişaf yolu keçib, bütün sahələrdə yüksək nailiyyətlər əldə edilib. Azərbaycan inkişafın milli modelini formalaşdırıb. Bu günün zirvəsindən dönüb ötən dövrə nəzər saldıqda Azərbaycanın nə qədər möhtəşəm inkişaf mərhələsi yaşadığının şahidi olarıq. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindəki Zəfərimizlə Qarabağın 30 ildən sonra düşməndən azad edilməsi Prezident İlham Əliyevin 2003-cü ildən başlayaraq həyata keçirdiyi düşünülmüş uğurlu siyasətin məntiqi nəticəsi və davamı hesab olunmalıdır. Bu siyasətdə güclü zəkadan, dərin məntiqdən və uzaqgörənlikdən irəli gələn sistem və ardıcıllıq aydın şəkildə görünməkdədir. Prezident İlham Əliyev hər zaman xalqın istədiyini bütün incəliyinə qədər duyan həssas siyasətçi kimi zamanı çatan, zamanın tələb etdiyi vəzifələri müəyyənləşdirməyin və həll etməyin mahir ustasıdır. Azərbaycanın dünyada həm yeni imicinin formalaşmasında, həm də uğurlu gənc dövlət kimi beynəlxalq etimad qazanmasında Prezident İlham Əliyevin möhtəşəm infrastruktur layihələrinin həlledici rol oynadığı danılmazdır. İndi hər bir azərbaycanlı müasir, çiçəklənən Azərbaycanla fəxr edir, qürur duyur. Müasir qloballaşma dövründə istənilən məsələ üzrə Azərbaycanın milli maraqlarının sadiq təminatçısı kimi çıxış edən Prezident İlham Əliyev beynəlxalq miqyasda da əsl lider olaraq ehtiramla qarşılandı. Bu mənada fəxarət doğuran məqamlardan biri də cənab İlham Əliyevin dünyada dərin analitik təfəkkürə və məqsədyönlü, düşünülmüş siyasi iradəyə malik lider kimi qəbul olunmasıdır. Qətiyyəti, diplomatik məharəti onu dünyanın nüfuzlu siyasi rəhbərləri cərgəsinə çıxarıb. Ona görə Azərbaycan Prezidentinin şəxsiyyəti bu gün beynəlxalq səviyyədə ehtiramla qəbul olunur. Təsadüfi deyil ki, dövlət başçısının hadisələrə baxışı, münasibəti hər bir beynəlxalq tədbirin diqqətlə izlənilən məqamlarındandır. Prezidentin güclü siyasi iradəsi və davamlı dəstəyi sayəsində ölkədə aparılan kompleks islahatlar Azərbaycanın hər il yeni rekorda imza atmasına imkan yaratdı. Dünyada ən vacib və etibarlı reytinq göstəricisi hesab olunan Dünya Bankının "Doing Business" hesabatı dövlət başçısı İlham Əliyevi ən islahatçı Prezident kimi dəyərləndirdi. Hesabata əsasən, Azərbaycan dünyanın 10 islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Cənab İlham Əliyevin apardığı kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı ölkə" imici qazandırmaqla yanaşı, davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib. Azərbaycanın təbliği, onun tanıdılması və şöhrətinin artırılması Prezidentin çoxşaxəli siyasətinin xüsusi istiqamətini təşkil edir. Ölkəmiz dəfələrlə bir sıra qlobal layihələrin təşəbbüskarı və ya uğurlu icraçısı olmuşdur. Möhtəşəm humanitar, mədəni, sivilizasiyalararası və dinlərarası dialoq, idman tədbirlərinin keçirilməsinə paytaxtımızın evsahibliyi etməsi beynəlxalq miqyasda Azərbaycana olan etimadın və hörmətin özünəməxsus göstəricisi sayılmalıdır.

Prezident cənab İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapdı. Həyata keçirilən genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağına çevrildi. Əlbəttə ki, bütün bunların reallaşmasında, ilk növbədə, Ulu Öndər Heydər Əliyevin yeni neft strategiyasının böyük payı var. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının gücləndirilməsini təmin etdi. Prezident seçildikdən sonra cənab İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarını müəyyən edərək daxili inkişafı şərtləndirən mühüm addımlar atmağa başladı. Bu günədək ölkəmizdə regionların inkişafı ilə bağlı qəbul edilən 4 dövlət proqramı əsasında Azərbaycanın hər bir bölgəsində misilsiz quruculuq işləri, inkişaf siyasəti həyata keçirildi və demək olar ki, qısa zamanda regionların siması büsbütün dəyişdi. Əhalinin məşğulluğu üçün minlərlə yeni iş yeri açıldı. İlk dövlət proqramının icrasına başlanarkən Azərbaycanın valyuta ehtiyatları cəmi 1,8 milyon dollar idi. Bu gün isə iqtisadi göstəricilərə nəzər yetirdikdə rekord göstəricilərə şahidlik edirik. Son 20 il ərzində, ümumi daxili məhsul dörd dəfə, dövlət büdcəsinin gəlirləri 30 dəfədən çox, xarici ticarət dövriyyəsi isə on dəfədən çox artıb. 20 ildə ölkəmizə 300 milyard ABŞ dolları həcmində sərmayə qoyulub. Müstəqilliyimizin əvvəlində üzləşdiyimiz böyük çağırışlardan biri məlum olan yoxsulluq idi. 20 il əvvəl yoxsulluq şəraitində yaşayan insanların sayı 50 faizə yaxın olsa da, hazırda ölkədə yoxsulluq 5,5 faiz təşkil edir. 20 ildə iqtisadiyyatımız 3,5 dəfə artıb. 2022-2023-cü illərdə strateji valyuta ehtiyatlarımız 14,5 faiz artaraq 67 milyard ABŞ dollarına çatdırılıb. Məhz Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri əsasında həyata keçirilən layihələrlə Azərbaycan Avropanın enerji xəritəsini dəyişib. Bir vaxtlar öz əhalisinin enerjiyə olan təlabatını idxalla ödəyən ölkəmiz bu gün dünyaya enerji ixrac edir və bu prosesdə ən etibarlı tərəfdaş statusu qazanıb. “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq həm də “Cənub-Qərb” və “Şimal-Qərb” layihələri üzərində də iş aparan Azərbaycan bu gün Avrasiyada enerji körpüləri yaradır. Bu, bir həqiqətdir ki, Azərbaycan müstəqillik illərində öz enerji təhlükəsizliyinə sərmayə yatırıb, idxalçıdan ixracatçıya çevrilib. 1994-2020-ci illər ərzidə Azərbaycan “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, üç seqmentli – Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarət “Cənub qaz dəhlizi” layihələrini reallığa çevirib. Bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsaq, orada Azərbaycanın dəst-xətini görə bilərik. Azərbaycan həm də beynəlxalq bazarlarda enerji təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir.

Müstəqillik dövründə Azərbaycan həm də beynəlxalq ictimaiyyətin fəal üzvünə çevrilib. Prezident İlham Əliyev hər zaman aydın, şəffaf və birmənalı, müstəqil siyasət yürüdüb. Beynəlxalq ictimaiyyətin fəal üzvü kimi Azərbaycan çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində iştirak edir. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Azərbaycan İƏT-nın ən aktiv və nüfuzlu üzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necə konfransına ev sahibliyi etmişdir. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş və həmin ilin may ayında İƏT-in möhtəşəm idman hadisəsi – IV İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. 2018-ci ildə 5 min illik qədim tarixə malik Naxçıvan şəhəri ISESCO tərəfindən İslam mədəniyyətinin paytaxtı seçilmişdir. Azərbaycanın təşəbbüsləri sayəsində multikulturalizm və mədəniyyətlərarası dialoq kimi məfhumlarının aktuallığı beynəlxalq münasibətlər sistemində qorunub. Azərbaycanda davamlı olaraq Bakı Beynəlxalq Humanitar Forumu, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, habelə BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının və onlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakı qlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasi meydanlardan birinə çevrilmişdir. Azərbaycan “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycan tutduğu obyektiv mövqe və çıxış etdiyi qlobal əhəmiyyətli təşəbbüslər sayəsində öz beynəlxalq statusunu dayanmadan artırır. Bakının görüş və danışıqlar ünvanı kimi müəyyən olunması bilavasitə Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzuna işarə edir. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakı dostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırmışdır. Bəyannaməyə əsasən tərəflər xarici siyasət sahəsində əlaqələndirməni və müntəzəm ikitərəfli siyasi məsləhətləşmələri həyata keçirir, həmçinin bu istiqamətdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası çərçivəsində birgə fəaliyyət göstərir. Tərəflər aktual xarakter kəsb edən, qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək üst-üstə düşən mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirəcəklər və BMT, ATƏT, Avropa Şurası, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı daxil olmaqla beynəlxalq və regional təşkilatlar çərçivəsində bir-birinə qarşılıqlı dəstək göstərəcəklər.

Ən islahatçı Prezident kimi tanınan cənab İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ildə ölkəmizdə ümumxalq referendumu keçirildi və xalq yenə də dövlət başçısına böyük etimad göstərərək onun elan etdiyi islahatlar konsepsiyasına birmənalı dəstək verdi. Konstitusiyaya dəyişikliklər edildi, ölkədə yeni vitse-prezidentlik institutu yaradıldı və daha çevik idarəetmə mexanizmlərinin hüquqi bazası formalaşdırıldı. Vitse-prezidentlik vəzifəsinin təsis edilməsinin məqsədi dövlət strukturlarının fəaliyyətində səmərəliliyin və çevikliyin yüksəldilməsini, vətəndaşlar qarşısında öhdəliyin daha keyfiyyətli icrasına nail olunmasını, məmur məsuliyyətinin gücləndirilməsini təmin etmək idi. Bu baxımdan cənab Prezident tərəfindən vitse-prezidentlik institutunun yaradılması təklifinin ciddi əsasları var idi. Dövlət başçısının 21 fevral 2017-ci il sərəncamına əsasən, Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin olunması da təsadüfi deyildi. Çünki Mehriban Əliyeva həmin dövrdə həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada misilsiz işlər həyata keçirirdi. Vətəninə sonsuz sevgisi, milli-mənəvi dəyərlərə dərin hörməti, ölkənin ictimai-siyasi həyatındakı xidmətləri, xalqa olan tükənməz sevgisi onun ölkəmizin Birinci vitse-prezidenti vəzifəsinə təyin olunmasını şərtləndirən əsas amillər oldu. Artıq 6 ildir ki, bacarıqlı siyasi fəaliyyəti, yüksəksəviyyəli təşkilatçılıq məharəti, özünəməxsus idarəçilik xüsusiyyətləri, humanist yanaşma tərzi sayəsində Mehriban xanım Əliyeva bu vəzifənin öhdəsindən ləyaqətlə gəlir. Həyata keçirdiyi siyasət birmənalı şəkildə onu deməyə əsas verir ki, Mehriban xanım Əliyeva cənab Prezidentin ən sadiq silahdaşıdır. Prezidentin mütərəqqi islahatları bununla yekunlaşmadı. Dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə Nazirlər Kabinetində, Prezident Administrasiyasında, Milli Məclisdə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, məhkəmə-hüquq sistemində, digər qurumlarda da aparılan struktur və kadr islahatları ölkəmizin ictimai-siyasi və iqtisadi inkişafına yeni təkan verdi. İslahatlar müasir dövrün yeni çağırışları şəraitində Azərbaycanın ardıcıl və dinamik yüksəlişinə real zəmin yaratdı.

Ümummilli Lider Heydər Əliyevin uzaq hədəflərə hesablanmış iqtisadi siyasətini, mükəmməl ordu quruculuğu strategiyasını əzmlə davam etdirərək xalqımızın dərin mənəvi-siyasi dəstəyini qazanan Prezident İlham Əliyev Zəfərə aparan şərəfli yolun yenilməz sərkərdəsinə çevrildi. Dövlət başçısı torpaqlarımızın işğaldan azad edilməsi kimi ağrılı və çətin missiyanı ilk gündən üzərinə götürərək "güclü ordu - güclü dövlət" konsepsiyasının fundamental bazisi olan yeni iqtisadiyyat quruculuğunu daim xüsusi diqqətdə saxladı. İqtisadi güc amili Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlar, transmilli şirkətlər, inkişaf etmiş ölkələrlə iqtisadi-siyasi münasibətlərinin dərinləşməsində mühüm rol oynayıb, eyni zamanda ərazilərimizin işğalı faktının etirafı, ərazi bütövlüyümüzün tanınması baxımından əhəmiyyətli oldu. İqtisadi güc diplomatiyanın fundamental sütunu kimi çıxış edərək, ölkəmizin beynəlxalq arenada mövqelərini möhkəmləndirdi, Ermənistanın işğalçı siyasətinin ifşası prosesi sürətləndi, paralel olaraq modern ordu quruculuğu istiqamətində ardıcıl tədbirlərin reallaşdırılmasına zəmin yarandı. Milli maraqları hər şeydən üstün tutması və ən çətin məqamlarda belə layiqincə qorumağı bacarması, siyasi iradəsi, qətiyyəti, hadisələrin inkişaf axarını öncədən müəyyənləşdirə bilməsi, cəsarətli qərarlar qəbul etməsi Ali Baş Komandan İlham Əliyevə xalqımızın qəlbində qubara çevrilmiş Qarabağ yarasını əbədi olaraq sağaltmağa imkan verdi. Ali Baş Komandanın xalqa müraciətindəki mətinlik, qətiyyət onu göstərdi ki, cənab İlham Əliyev güclü ordusuna və arxasında dayanan Azərbaycan xalqına güvənir. Xalq isə hər zaman olduğu kimi, öz liderinə arxalanır və qələbə müjdəsini səbirsizliklə gözləyirdi ki, bu da çox çəkmədi.

Müzəffər Ali Baş Komandanın "Dəmir yumruq" əməliyyatını uğurla icra edən Azərbaycan Ordusu cəmi 44 günə düşməni diz çökdürdü. Azərbaycan Ordusunun hər döyüşü qəhrəmanlıq dastanına çevrildi. İgid Azərbaycan oğulları şərəfləri ilə ən böyük tariximizi yazdılar, qanları, canları bahasına, heç nədən qorxmadan, çəkinmədən, ölümün gözünə dik baxaraq xalqın 30 illik həsrətinə son qoydular. Hər bir xalqın tarixində xilaskar rolunu oynayan liderlər cəsarət nümayiş etdirir və adını əbədi olaraq dövlətinin şanlı tarixinə yazdırır. Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən, xalqın 30 illik həsrətinə son qoyan Ali Baş Komandan İlham Əliyev məhz həmin liderlərdən biridir. Çünki məhz cənab İlham Əliyevin Sərkərdəliyi ilə çoxlarının qeyri-mümkün hesab etdiyi Qarabağ münaqişəsi cəmi 44 günə həll olundu. Uzun illər dünya dövlətlərinin əksəriyyətinin himayə etdiyi işğalçı Ermənistan Prezident İlham Əliyevin hərbi-siyasi diplomatiyası qarşısında diz çökdü. Məhz cənab İlham Əliyevin diplomatik məharətinin nəticəsində Ermənistan illərlə möhkəmləndiyi, "keçilməz" istehkamlar qurduğu Ağdamı, Laçını, Kəlbəcəri bir güllə atılmadan Azərbaycana qaytardı. Bu, Ali Baş Komandan və qətiyyətli Lider prinsipiallığının, cəsarətinin təntənəsi idi. Şanlı Zəfərlə Prezident İlham Əliyevin adı tariximizə qızıl hərflərlə yazıldı, dövlət başçısı bir daha alternativsiz Lider olduğunu isbatladı. İşğal altında olan torpaqlarımızı "dəmir yumruq"la azad edən Ali Baş Komandan indi dəmir iradə ilə qədim yurdumuzu həm yenidən qurur, həm də sülh danışıqlarında Azərbaycanın qətiyyətli mövqeyini, milli maraqlarını müdafiə edən prinsipiallıq nümayiş etdirir. Yəni Prezident İlham Əliyev hər iki istiqamətdə atdığı addımlarla yenə də diqqətləri cəlb edir.

Ermənistanın davam edən hərbi-siyasi təxribatlarına son qoyulması məqsədi ilə 2023-cü il sentyabrın 19-20-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin məharətli rəhbərliyi ilə Qarabağda həyata keçirilən lokal antiterror tədbirləri xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirdi. Azərbaycan Ordusunun qəhrəmanlığı və fədakarlığı sayəsində erməni silahlı dəstələri tərk-silah edildi, kriminal xunta rejiminin fəaliyyətinə son qoyuldu, dövlətimizin suverenliyi onun bütün ərazisində bərpa edildi. Ən nəhayət cari ilin oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması və Prezident İlham Əliyevin Xankəndi şəhərindən xalqımıza müraciəti ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi olmaqla yüksək qürur və iftixar hissləri ilə qarşılandı. Xalqa müraciətində Prezident İlham Əliyev bidirib ki: “Azərbaycan xalqı mənə 20 il bundan əvvəl böyük etimad göstərmişdir və bu illər ərzində mən bunu hər zaman hiss etmişəm, bu inam daha da artmışdır. Bu gün vaxtilə - hələ işğal dövründə dediyim sözlər və xalq tərəfindən təkrarlanan sözlər mənim üçün ən böyük mükafatdır. Mən o vaxt demişdim ki, nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm. İkinci Qarabağ müharibəsi dayananda da Azərbaycan xalqı bilirdi ki, mən bunu bilirəm. O gündən üç il keçməmiş biz bu gün buradayıq, Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. İndi bu tarix haqqında danışmaq mənim üçün bəlkə o qədər də düzgün deyil. Çünki bu tarixi biz yaşamışıq, bu tarixi biz yaratmışıq. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər”. Beləliklə, 15 oktyabr tarixi təqvim günü siyasi iradənin növbəti təntənəsi kimi də Şanlı tariximizə yazıldı. Prezident, Müzəffər Ali Baş komandan İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha parlaq şəkildə nümayiş etdirdi. 15 okyabr tarixi bir daha dünyaya Azərbaycan xalqının nə qədər böyük, yenilməz, dəmir iradəli, müzəffər xalq olduğunu göstərdi.

Azərbaycanın yalnız öz gücünə, heç kimdən maliyyə yardımı almadan Qarabağ və Şərqi Zəngəzuru yenidən qurması ölkənin iqtisadi qüdrətinin göstəricisi, Prezident İlham Əliyevin sülh danışıqlarında sərgilədiyi mövqeyi isə qətiyyətin təntənəsi adlandırmaq olar. Prezident İlham Əliyev bütün şəhər və qəsəbələrin, rayonların, kəndlərin baş planını təsdiq edir və aparılan tikinti-quruculuq işləri ilə şəxsən maraqlanır. İşğaldan azad edilən ərazilərimizə Qalib Sərkərdə kimi səfər edərək düşmənə gözdağı verir. İşğal dövründə düşmənin darmadağın etdiyi bu ərazilərdə su-elektrik stansiyaları, elektrik enerjisi stansiyaları, hava limanları, dəmir yolu xətləri, avtomobil yolları, körpülər, tunellər, magistral su xətləri, müasir yaşayış kompleksləri tikilir, sosial-iqtisadi infrastrukturlar, sənaye parkları və aqroparklar yaradılır. İşğaldan azad edilmiş torpaqlarımızda mədəni-dini irsimizi xalqa yenidən qaytarmaq missiyasında Prezident İlham Əliyevlə yanaşı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da fəaliyyəti xüsusi vurğulanmalıdır. Artıq xeyli müddətdir ki, Mehriban xanım Əliyevanın göstərişi ilə 30 ilə yaxın düşmən tapdağında qalan, dağıdılan, məhv edilən, təhqir olunan, murdarlanan dini abidələrimizin, məscidlərimizin yenidən həyata qaytarılması prosesinə başlanıb. İndiyə qədər minlərlə abidəyə nəfəs verən Heydər Əliyev Fondunun budəfəki layihəsi Qarabağdakı dini irsimizin, məscidlərimizin bərpasına həsr olunub. Ümumiyyətlə, Heydər Əliyev Fondu fəaliyyət göstərdiyi ilk gündən Azərbaycanda müxtəlif sahələri əhatə edən layihə və proqramlar həyata keçirir. Fondun tarixi, mədəni və dini abidələrin qorunub saxlanması və bərpası istiqamətindəki fəaliyyəti hər kəsə məlumdur. Bu gün isə qürur hissi ilə deyə bilərik ki, Heydər Əliyev Fondu qədim Qarabağ torpağında Azərbaycan xalqının milli sərvəti olan dini abidələrimizin, məscidlərimizin bərpasını həyata keçirməklə tariximizə çox böyük töhfə verir. Ümumiyyətlə, cənab İlham Əliyevin fəaliyyətinin uğurlarını təmin edən bir neçə mühüm faktor var. Bunlar Prezidentin şəxsi bacarığı, qabiliyyəti və eyni zamanda ən yaxın silahdaşı, çiyindaşı Mehriban xanım Əliyevanın xidmətləri ilə bağlıdır. Birinci vitse-prezidentin yürütdüyü siyasət Prezident İlham Əliyevin fəaliyyətinə böyük dəstəkdir. Bu gün Mehriban xanım Əliyevanın həyata keçirdiyi layihələr həm dövlət quruculuğu prosesinə dəstəkdir, həm də Prezidentin fəaliyyətinə xalq inamını möhkəmləndirən vasitədir. Hazırda Azərbaycan sülh müaviləsinin imzalanması üçün danışıqlara hər zaman hazır olduğunu bəyan edir və Ermənistanın da qurtuluş yolunu bunda görür.

Beləliklə, Cənab Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasət Azərbaycanı ən etibarlı tərəfdaşa çevirib. 2003-cü ildə xalqın böyük etimadı ilə hakimiyyət estafetini götürən Prezident cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyəti Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirib. İlham Əliyev prezidentlik fəaliyyətinin qürurverici hesabatını söyləyərkən bir məqamı çox doğru vurğulayır ki, Azərbaycanın inkişaf yolu başqa ölkələr üçün işıq yoludur. Bunu şərtləndirən digər amil isə iqtisadi və siyasi müstəqillikdir. Son 20 ildə ölkəmizdəki iqtisadi müstəqilliyin yaratdığı reallıq tam müstəqil siyasətin yürüdülməsini şərtləndirib. Əgər bu, baş verməsəydi, bəlkə də indi Azərbaycan da bəzi ölkələr kimi forposta çevrilmişdi. Çünki iqtisadi cəhətdən asılı vəziyyətdə olan ölkələr müstəqil siyasət apara bilmirlər, yaxud da ki, aparmaqda çətinlik çəkirlər. Bir sözlə,Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin düşünülmüş inkişaf konsepsiyası ilə Azərbaycan tam müstəqil siyasət aparır, qlobalmiqyaslı təşəbbüslərlə çıxış edir, istənilən məsələ ilə bağlı öz mövqeyini çəkinmədən ifadə edir. Bu da əlbəttə ki, Azərbaycanın geosiyasi çəkisini getdikcə artırır.

Əldə olunmuş bu tarixi nəaliyyətlər, qazanılmış böyük uğurlar ölkə başçısı, Ali Baş Komandan İlham Əliyevin mərhələli şəkildə planlaşdırdığı və zərgər dəqiqliyi ilə qurub-yaratdığı hərbi-siyasi xarakterli müdrik strateji gedişlərin əməli nəticəsidir. Bu səbəbdəndir ki, Azərbaycan xalqı hər zaman öz rəhbərinə güvənmiş, onun “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” kəlamının ətrafında böyük inam və cəsarətlə sıx birləşmişdir. Bunun əməli nəticəsidir ki, xalq-iqtidar birliyi hər zaman olduğu kimi bu gün də qazanılmış böyük uğur və nailiyyətlərlə özünü sübuta yetirməkdədir. Şübhəsiz ki, Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan bundan sonra da möhtəşəm zəfərlər qazanacaq.

Zahid Cəfərov

YAP Yasamal rayon “Z.Xəlilov küçəsi 33” (BDU) ünvanı üzrə ərazi partiya təşkilatının sədri


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az