ABŞ prezidenti Donald Tramp Qəzza zolağında mümkün atəşkəslə bağlı İsraillə təmasda olduqlarını bildirib.
Manset.az xəbər verir ki, o, bu barədə "Truth Social" platformasında paylaşdığı açıqlamada qeyd edib.
O bildirib ki, nümayəndələri israilli rəsmilərlə Qəzza mövzusunda uzun və məhsuldar görüş keçiriblər.
“İsrail 60 günlük atəşkəsin yekunlaşdırılması üçün lazımi şərtləri qəbul edib”, – deyə Tramp bəyan edib.
ABŞ lideri bildirib ki, bu müddət ərzində müharibəyə son qoymaq üçün bütün tərəflərlə birgə çalışacaqlar. O, həmçinin vurğulayıb ki, sülh prosesinə dəstək verən Qətər və Misir bu son təklifi təqdim edəcək.
“Sülhün əldə olunması üçün çox çalışan Qətər və Misir bu son təklifi təqdim edəcək. Ümid edirəm ki, Həmas bu razılaşmanı Yaxın Şərq naminə qəbul edəcək. Əks halda vəziyyət yalnız daha da pisləşəcək”, – deyə Tramp əlavə edib.