Bölgəyə gəmilər və pilotsuz təyyarələr göndərilir - Müharibəyə hazırlıq gedir?

16:54 - 28 Avqust 2025

Bölgəyə gəmilər və pilotsuz təyyarələr göndərilir - Müharibəyə hazırlıq gedir?

Venesuela ABŞ ilə artan gərginlik fonunda ölkənin dəniz və çay sərhədlərində pilotsuz uçuş aparatları və hərbi dəniz gəmiləri ilə patrul əməliyyatlarına başlayacağını elan edib.


Manset.az xəbər verir ki, ölkənin müdafi ə naziri Vladimir Padrino sosial şəbəkələrdə yayımladığı videomüraciətində bildirib ki, müxtəlif missiyalar üçün xeyli sayda pilotsuz təyyarə yerləşdiriləcək və dəniz piyadaları ilə birlikdə çay patrulları həyata keçiriləcək.

“Marakaibo gölündə, Venesuela körfəzində və şimal ərazi sularımızda daha böyük tonnajlı gəmilərlə patrul xidmətlərinə start veriləcək,” – deyə Padrino vurğulayıb.

Bu bəyanat, rəsmi Karakasın bir gün öncə Kolumbiya ilə sərhəd bölgəsinə 15 min əsgərin yerləşdirildiyini açıqlamasından sonra verilib. Hökumət bu addımı “narkotiklə mübarizə” tədbirləri çərçivəsində həyata keçirdiyini bildirib.

ABŞ ilə yeni qarşıdurma

Nikolás Maduro hökuməti ABŞ-nin son hərbi fəaliyyətlərini “düşmən hərəkətlərinin eskalasiyası” kimi dəyərləndirir. Vaşinqton isə bu əməliyyatların məqsədinin beynəlxalq narkotik ticarətinə qarşı mübarizə olduğunu bildirir. Rəsmi açıqlamalarda Venesuelanı işğal etmək niyyəti olmadığı qeyd olunur.

Lakin ABŞ-nin bölgəyə üç raket esminesi, 4000 dəniz piyadası və əlavə iki döyüş gəmisinin göndərilməsi, eyni zamanda Nikolas Maduronun ələ keçirilməsi üçün təyin olunan 50 milyon dollarlıq mükafatın artırılması və Maduronun rəhbərlik etdiyi iddia edilən “Kartel de los Soles”in terror təşkilatı kimi tanınması gərginliyi daha da artırıb.

Hazırda ABŞ donanmasının Cənubi Karib hövzəsinə nə vaxt və harada yerləşdiriləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

Madurodan səfərbərlik çağırışı

Prezident Nikolas Maduro ölkədə mülki şəxslərdən ibarət “Bolivar Milis” adlı könüllü birliyə qeydiyyat kampaniyasına start verildiyini açıqlayıb. O, bu milisin 4,5 milyon ehtiyat əsgərdən ibarət olduğunu iddia etsə də, müstəqil ekspertlər bu rəqəmin real olduğunu şübhə altına alırlar.

Venesuela küçələrində qarışıq reaksiyalar

ABŞ-nin mümkün hərbi müdaxiləsi Venesuelada müxtəlif reaksiyalarla qarşılanıb. Bəzi vətəndaşlar bu xəbərləri zarafatla qarşılayır, bəziləri isə ciddi narahatlıq keçirir. Müxalifət tərəfdarları üçün isə bu, ümidverici bir hadisə kimi qiymətləndirilir.

Beynəlxalq Böhran Qrupunun analitiki Phil Gunson vəziyyəti belə şərh edib:

“Düşünürəm ki, hazırda gördüklərimiz, Maduro rejiminin danışıqlara məcbur edilməsi üçün bir təzyiq vasitəsidir.”

BMT-yə çağırış

Bütün bu gərginliklərin fonunda Karakas hökuməti BMT-yə rəsmi müraciət edərək ABŞ-nin Karib dənizində hərbi aktivliyinə dərhal son qoyulmasına çağırıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az