Çin, Əfqanıstanda baş vermiş güclü zəlzələdən sonra xilasetmə əməliyyatlarını dəstəkləmək məqsədilə 50 milyon yuan (təxminən 7,04 milyon ABŞ dolları) məbləğində təcili humanitar yardım göndərəcəyini açıqlayıb.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, yardım paketinə çadırlar, ədyallar və qida məhsulları daxildir.
Çin Beynəlxalq İnkişaf Əməkdaşlıq Agentliyinin sözçüsü Li Ming bildirib ki, Çin, Əfqanıstan hökumətinin tələbi əsasında zəlzələdən zərər çəkmiş bölgələrə yardım göndərəcək. Yardımlar Əfqanıstanın müvafiq qurumları ilə koordinasiya edilərək, tezliklə zəlzələnin təsir etdiyi ərazilərə çatdırılacaq.
Əfqanıstan Qızıl Aypara Cəmiyyətinin verdiyi məlumata görə, avqustun 31-də Əfqanıstanın şərqində baş verən 6 bal gücündə zəlzələdə 2205 nəfər həlak olub, 3640 nəfər isə yaralanıb. Zəlzələ nəticəsində çox sayda ev dağılıb və dağıntılar altında hələ də insanların qalması ehtimalı mövcuddur. Hazırda xilasetmə işləri davam etdirilir.