Meksikanın beş ştatında leysan yağışlar və daşqınlar nəticəsində indiyədək 76 nəfər ölüb, 39 nəfər itkin düşüb.
Manset.az Report-a istinadən xəbər verir ki, bundan əvvəl 72 nəfərin öldüyü bildirilirdi.
Məlumata görə, ən çox Verakrus və İdalqo ştatları zərər çəkib. Verakrusda 34 nəfər ölüb, 14 nəfər itkin düşüb. İdalqoda isə ölü sayı 22-dir, 20 nəfər barəsində xəbər yoxdur. Puebla ştatında 19 nəfər həyatını itirib, 5 nəfərin taleyi naməlum olaraq qalır. Keretaroda isə bir nəfərin öldüyü bildirilir. Ümumilikdə, 90 bələdiyyəyə ziyan dəyib.
Milli Mülki Müdafiə Koordinatoru Tamaulipas ştatındakı Syudad-Madero və Tampiko bələdiyyələrinin, eləcə də Verakrus ştatının Anauak, Syudad-Kuautemok və Panuko bələdiyyələrinin sakinlərinə şənbə günü Panuko çayında suyun səviyyəsinin yüksəlməsi və daha təhlükəsiz ərazilərə təxliyə zərurəti barədə xəbərdarlıq edib.